Bu yaxınlarda Soçi şəhərində keçirilən pafoslu “Rusiya-Afrika” sammiti vasitəsiylə Moskva dünyaya göstərmək istədi ki, o, yenidən dünya miqyaslı oyunçuya çevrilib.
Həmin tədbirlərin gedişində Vladimir Putin böyük bir jest edərək, Afrika ölkələrinin (əsasən Efiopiya, Liviya, Anqola, Mozambik və Əlcəzair) 20 milyard dollarlıq köhnə borclarını silib. Lakin bu cür addım sadə rusiyalıların xoşuna gəlməyib. Onlar bunu Rusiyanın böyüklüyünün təzahürü yox, Rusiya siyasətinin səmərəsizliyinin sübutu hesab edirlər. Afrikaya bəxş edilmiş pullar Rusiya dövlətinin səhiyyəyə çəkdiyi illik xərcə bərabərdir. Əksər siyasi şərhçilər və eləcə də sadə vətəndaşlar hesab edirlər ki, Afrika ölkələrinin ən cəlbedici aktivləri nəzarətə götürülməliydi. Necə ki, çinlilər məhz belə edirlər. Ancaq Kreml müstəmləkə siyasətində ittiham olunmamaqdan ötrü, Çinin yolu ilə getmək istəməyib.
Çox güman ki, Rusiya ABŞ ilə gələcək qlobal müharibədə ona kömək ola biləcək strateji müştəri bazası formalaşdırmaq niyyətindədir. Belə görünür ki, Rusiya Federasiyası eyni zamanda Pekinlə də rəqabət aparır. Amma Rusiya Afrikanı kobud şəkildə özünə tabe etdirməyə yox, qarşılıqlı əməkdaşlığa üstünlük verməyə çalışır.
Böyük həcmdə faydalı qazıntılar ehtiyatına malik olan Afrika qitəsi çox cəlbedici hədəf kimi görünür. Afrikanın Qərb ölkələri ilə hansısa siyasi əlaqləri var. Əslində Qərb Rusiyadan qat-qat artıq investisiya təklif edə bilər, lakin onlar Afrika iqtisadiyyatına investisiya qoyulmasını riskli sayırlar. Bitmək bilməyən siyasi münaqişələr, insan hüquqlarının tapdanması, avtoritar rejimlərin idarəetmə üsulu və sairə, bütün bunlar Qərb kapitalına maneçilik törədir. Yaranmış boşluğu isə öz Afrikalı tərəfdaşlarına sərt tələblər qoymayan Çin doldurur.
Son 5 ildə Pekin bir sıra Afrika ölkələrinin mühüm iqtisadi sahələrini nəzarət altına salmaqla, onları özünə tabe etdirə bilib. Əlbəttə, Rusiya da bu məsələdə geri qalmaq fikrində deyil. Belə ki, Moskva 30 illik fasilədən sonra yenidən bu qitəyə qayıtmaq fikrindədir.
Əvvəllər Moskvanın iştirakı soyuq müharibə məntiqinə uyğun idi. Kreml anti-qərb rejimlərinə və qiyamçılara hərbi dəstək verirdi. İndi Rusiya özünün siyasi motivlərindən imtina etməyərək, onu iqtisadi motivlərlə birləşdirmək istəyir. Böyük neft yataqlarını nəzarətdə saxlayan Liviya üsyançılarının lideri Xəlifə Haftara göstərilən yardımı və ya qızıl və almazla zəngin olan Mərkəzi Afrika Respublikasındakı Rusiya iştirakını buna parlaq nümunə kimi göstərmək olar.
Həmçinin Qvineyanı da xatırlamaq olar. Bu ölkə Rusiyaya iri boksit tədarükçüsüdür. Moskva Sudanda və ya Eritriyada loqistik mərkəz qurmağı planlaşdırır. Rusiya və Çin arasındakı rəqabəti, həmçinin Demokratik Konqo Respublikasında da müşahidə etmək mümkündür. Bu ölkədə mis, almaz, kobalt və nadir torpaq metalları var.
Rusiyalılar Afrika rejimlərinə geniş siyasi dəstək verirlər. Bu dəstəyi xüsusən yuxarıda adı çəkilən Konqonun eks-prezidenti Jozef Kabilla almışdı. O, bu ölkədə rusiyalıların iştirakına razılıq vermişdi. Öz növbəsində Madaqaskar və Qvineyada Rusiyadan gəlmiş “seçki üzrə mütəxəssislər” işləyir. Hal-hazırda Konqonun indiki prezidenti Alfa Konde konstitusiyadan yan keçməklə yenidən seçilmək istəyir. Çünki mövcud konstitusiya A.Kondeyə növbəti dəfə seçilmək haqqı vermir. Rusiyalıların bu sferada müəyyən təcrübələri onun köməyinə gələ bilər.
Rusiya və Çinin siyasi standartları Afrika satraplarına tam uyğundur. Amma bunu Afrikanın sadə sakinləri haqqında söyləmək olmaz. Onlar nəyin bahasına olursa olsun, Avropaya getməyə can atırlar.
Əlbəttə, Rusiya investisiyalarının heç də hamısı uğurlu olmayıb. 2002-ci ildə “Alrosa” şirkəti uğursuz şəkildə Anqolada almaz yataqlarının işlənməsinə başlamağa cəhd göstərib. Zimbabvedə isə, Robert Muqabe ilə platin hasilatıyla bağlı müqavilə imzalanıb, lakin bu plan da uğursuzluğa düçar olub. Çünki diktator Muqabe 2017-ci ildə hakimiyyətindən məhrum olub.
Digər tərəfdən isə “Rosatom” konserninin Cənubi Afrika Respublikasında AES tikintisiylə və Tanzaniyada uran yataqlarının işlənməsiylə bağlı cəhdləri də alınmayıb. ”Lukoyl” şirkəti isə böyük itkilər verdiyinə görə Qana, Kamerun və Nigeriyadakı investisiya planlarından imtina edib. Siyasi sabitsizlik səbəbindən əksər Afrika ölkələrindən gəlir götürmək perspektivi xeyli dumanlı görünür.
Amma Moskva hətta böyük məsrəflərə baxmayaraq, qlobal oyunda iştirak etmək üçün strateji qərar qəbul edib. İndi çoxlu sayda məişət problemləri, həyat qayğılarıyla üzləşən rusiyalıların bu məsələlərə necə yanaşması xüsusi önəm kəsb edir. Ona görə ki, Kremlin öz uzaq müttəfiqlərinə böyük pullar bəxş etməsinin sonu hökumətin sadə vətəndaşların getdikcə boşalan pul kisəsinə əl atmasına gətirib çıxaracaq. (“Polityce”-Polşa)
Qeyd: Bildiyimiz kimi, Rusiya valyutanı əsas etibarıyla neft, qaz, meşə materialı, taxıl və müxtəlif növ metalların satışından əldə edir. Amma bunların satışının artırılması mümkün deyil, çünki tələbin müəyyən məhdudiyyəti var. Rusiyanın istehsal sənayesi içərisində demək olar ki, yeganə ixrac məhsulu silahdır. İndi Rusiya bu bazarı genişləndirmək istəyir və buna müəyyən mənada nail ola bilər. Afrikanı çıxmaq şərtiylə, silah satışı ilə bağlı dünya bazarı haradasa dolmuş vəziyyətdədir. Rusiya “qara qitəni” qarşısına hədəf qoyub.
Soçidəki konfransda 43 Afrika ölkəsi iştirak edirdi. Bu ölkələrin rus silahına göstərdikləri maraq qiymətin ucuz olmasıyla bağlıdır. Hazırda Rusiya Afrikanın 20 ölkəsinə silah satır. Rusiyadan ən çox silah alan ölkə Əlcəzairdir. Elə sovet dövründən Əlcəzair Moskva ilə çox yaxın idi və silahını əsasən SSRİ-dən idxal edirdi. Belə hesab olunur ki, Rusiyanın Afrikaya marağı Çinin xoşuna gəlməyəcək. Lakin Çinin ixrac məhsullarının çeşidi rəngarəngdir və bu sahədə Rusiyanın onunla rəqabət göstərəcəyi inadırıcı görünmür. Çinin Afrika ölkələri ilə ümumi ticarət dövriyyəsinin həcmi 150 milyard dollardır. Müqayisə üçün deyək ki, Avropa Birliyinin Afrika ilə ticarət dövriyyəsi 305 milyard dollar, ABŞ-ın isə 56 milyard dollar həcmindədir.
Rusiyanın Afrika ölkələrinin 20 milyard dollarlıq borcunu silməsi məsələsinə gəlidikdə isə, bu, SSRİ zamanından qalmış borcdur. Həm də Rusiya birinci dəfə deyil ki, borcların silinməsini həyata keçirir. Əsas etibarıyla SSRİ-dən qalmış Kubanın 31 milyard dollar, Suriyanın 11 milyard dollar, Afrika qitəsindəki Əlcəzairin 4,7 milyard, Liviyanın 4,5 milyard, Mozambikin isə 2 milyard dollarıq borcu silinib.
AzPolitika.info