Dünya hazırda heç olmadığı qədər qaynar vəziyyətdədir. Bütün ölkələrdə xalqlar ayağa qalxıb...
Meriç Şenyüz
"The Independent" qəzeti
2019-cu il üsyan ili oldu. İlin əvvəlindən bəri dünyanın hər yerində xalqlar qanunsuzluğa, qiymət artımına və avtoritar rejimlərə qarşı yürüşlər keçirir. Bu yazıda il ərzində keçirilmiş etiraz aksiyalarından 2019-cu ilə damğa vuran ən güclü üsyanları sizə təqdim edirik: Honkonq, İndoneziya və Çili.
Dünya hazırda heç olmadığı qədər qaynar vəziyyətdədir. Bütün ölkələrdə xalqlar ayağa qalxıb. Lakin son dərəcə heterogen xüsusiyyətlərə sahib olan bu yeni qlobal üsyanlar dalğasının konkret ideoloji mövqeyini təyin etmək çox da mümkün deyil. Çünki bəzi yerlərdə tamamilə milliyətçi tələblərlə etiraz edən (Honkonq, Kataloniya) kütlələr, başqa bir yerdə iqtisadi tələbələr (Livan, Ekvador) önə sürürlər. Bəzi ərazilərdəki etirazlar 20-ci əsrin üsyanlarına (İndoneziya) bənzəsə də, digər ölkələrdə vəziyyət tam fərqlidir (Əlcəzair).
Fitil Honkonqda yandırıldı
Bu ilin əvvəlində keçən il başlamış üsyanlar hələ də davam edirdi, lakin əsas qlobal etirazlar dalğası yay aylarında başlayıb və payıza damğasını vurub. Bu dalğanın ilk böyük çıxışı isə Uzaq Asiyadan - Honkonqdan gəlib.
Yeni üz tanıma texnologiyası ilə nəzarət altında olan bir cəmiyyət yaratmaq istəyən Çin dövlətinə qarşı honkonqlu üsyançılar xüsusilə kamera sistemlərini hədəf alırlar.
Etirazlar niyə və nə zaman başladı?
Honkonqdakı ilk etiraz dalğası 31 mart başlayıb. Lakin bu yazıda vurğulanan ən şiddətli etirazlar 9 iyuldan etibarən özünü göstərib. Etirazlar Honkonq adasının 20-dən çox bölgəsinə və honkonqluların yaşadığı onlarla Qərb şəhərinə sıçrayıb.
Etirazların başlanma səbəbi bu idi ki, Çin Kommunist Partiyasına yaxın olan Honkonq rəhbərliyi Muxtar İdarə Məclisinə cinayətkarların geri qaytarılması barədə bir layihə təqdim edib. Layihəyə əsasən, cinayətkarlar Çinə, Makao Xüsusi İdarə Bölgəsinə və Tayvana geri qaytarılacaqdı. Qanuna görə, qarşı çıxanların narahatlığı ondadır ki, Pekin rəhbərliyi layihəni bölgədəki siyasi müxaliflərə qədər genişləndirə bilərdi. İlk aksiyalarda etirazçılar layihənin tamamilə ləğv edilməsini və Honkonqdakı siyasi müxaliflərin Çinə qaytarılmamasını istəyirdi.
Xəbər agentlikləri qeyd edir ki, müxtəlif aksiyalardakı iştirakçı sayı 100 min və 1 milyon arasında dəyişir.
Aksiyalarda daha çox kommunikasiya, informasiya texnologiyaları və maliyyə sahələrində işləyən gənc professionallar iştirak edir.
Çinin reaksiyası
Pekin rəhbərliyi aksiyaları əvvəlcə "radikal etirazçı üsyanı" adlandırıb, lakin daha sonra mövqeyini daha da sərtləşdirərək "terrora bənzər aksiya" deyə təsvir edib. Pekinin Honkonqa əsgər göndərməsi üçün yerli hökumət mərkəzi hökumətə tələb göndərməli idi. Digər tərəfdən də bildirilib ki, Çin ordusunun Honkonq yaxınlığındakı Şincinə əsgər göndərməsi və keçirilən məşqlər etirazçılara qarşı bir xəbərdarlıq idi. Lakin Çinin sərtlik tərəfdarı olması aksiyaçıların mübarizəsi nəticəsində dəyişməyə başladı. Aksiyaların qarşısını ala bilməyəcəyini başa düşən Çin rəhbərliyi geri addım atmağa başlayıb və nəhayət 23 oktyabrda ÇKP cizgisinə yaxın olan Honkonq höküməti aksiyaların başlamasına səbəb olan layihəni rəsmən geri çəkdiklərini açıqladılar.
Etirazın liderləri var idimi?
Honkonq aksiyaları lidersiz və siyasi quruluşlardan uzaq olması ilə tanınır və bu vaxtadək heç bir siyasi partiya və qrup bu aksiyaları sahibləndiyini bildirməyib.
Brus Li fəlsəfəsi
Etirazçılar Brus Linin "su ol" fəlsəfəsini izlədiklərini deyirlər. Bu, o deməkdir ki, aksiya formaları vəziyyətə görə tez-tez dəyişir. Yeri gəldikdə qara maskalar taxıb şiddət aksiyalarına girişən etirazçılar, əsasən, sülh içində aksiya keçirməyə üstünlük verirlər, amma bir etiraz üsulu kimi həyatına son qoyanlar da var. Etiraz üsulu kimi intihar etmək aktı əvvəlcə Vietnam, Koreya kimi yerlərdə ortaya çıxıb və tamamilə Uzaq Asiyaya məxsus bir davranışdır.
Etirazçılar "Reddit" və "Telegram" qarışığı hesab olunan "LIHKG"-dən istifadə edirlər.
Honkonq etirazçıları tez-tez Amerika bayraqları açıb və Trampdan yardım tələb edib. Bəzən Honkonqu müstəmləkəyə çevirmiş Böyük Britaniya və kraliça Elizabet də köməyə çağırılıb. Etirazlar Beynəlxalq Əhv Təşkilatı kimi Qərb mərkəzli Sivil Cəmiyyət Quruluşlarından dəstək alıblar. Qərb hökumətləri Çinə insan hüquqlarına əməl etməsi üçün dəfələrlə xəbərdarlıq edib.
Aksiyaların ilk tələbi Çinə cinayətkarların geri qaytarılması layihəsinin ləğv edilməsi idi. Lakin bu aksiyalar davam etdikcə Özəl İdarənin seçilmiş rəhbəri ÇKP cizgisinə yaxın olan Keri Lem istefa verməsi, Honkonqun Çindən azad olması və yenidən Britaniyaya birləşdirilməsi kimi bir çox tələblər irəli sürülüb.
İtkilər, yaralılar, həbslər...
Etirazlar başlayandan bəri ən azı 10 nəfər həyatını itirib. Əksəriyyəti də bir etiraz üsulu kimi həyatına son qoyanlardan ibarətdir. 2 mindən çox yaralı var və 10 oktyabrdan bəri 2379 nəfər aksiyalara görə həbs edilib.
Çili xalqının şeir kimi üsyanı
Faşist general Pinoçeti devirən bir mədəniyyəti olan Çilidəki üsyan bu siyahıdakı, bəlkə də, ən şiddətli üsyandır. Amma eyni zamanda, videoları internetdə ən çox paylaşılan və ən gözəl aksiya görüntülərinə sahib olan ölkə də Çilidir.
14 oktyabrda başlayan və getdikcə şiddətlənən üsyan əvvəlcə Santiaqoda başlayıb. Hətta ilk günlərdə buna Santiaqo üsyanı da deyilib. Lakin aksiya qısa zamanda Konsepşin, San Antonio, Valparaisoya ve ardınca da Antofaqasta, Koqimbo, İkuke, La Serena, Rancaqua ve Valdivia şəhərlərinə sıçrayıb. Son günlərdə Paskal adasından başqa, demək olar, bütün Çiliyə etiraz aksiyaları yayılıb.
Etirazları başladan səbəb
Latın Amerikasının ən bahalı ictimai nəqliyyat sisteminə sahib olan Çilidə az gəlirli bir ailə gəlirinin 30%-ni nəqliyyata xərcləyir. Buna görə də, etirazlar metroda gediş haqqının artması nəticəsində başlayıb. Tələbələr metro stansiyaları işğal edərək metrolara toplu şəkildə ödəniş etmədən miniblər və turniketlərdən tullanaraq üsyan başlatdılar. Tələbələrə qarşı törədilən zorakılıqdan sonra bu dəfə də cəmiyyətin bütün dərdi və nifrəti üzə çıxdı. Santiaqoda başlayan üsyan qısa müddətdə şimaldan cənuba qədər bütün ölkəyə yayıldı.
Aksiyalarda daha çox tələbələr iştirak etsə də, hər qisimdən insanı görmək olur. Tələbələrə ilk dəstəyi orta sinif versə də, etirazlar davam etdikcə şəhər yoxsulları və köhnə məhəllələrdən də dəstək gəlməyə davam edir.
Etirazların ilk günündə OHAL elan edən prezident Pinera ölümlər artıqdan sonra Santiaqodakı ordu qərargahından televiziyaya açıqlama verib: "Heç bir sərhəd tanımadan şiddət göstərən güclü bir düşmənə qarşı mübarizə aparırıq". 2019-cu il üsyanları əsasən uğurla nəticələnsə də, Çili hökuməti hələ üsyançıların tələblərini diqqət alacağı ilə bağlı işarə verməyib.
Çilidə də üsyanların lideri yoxdur
Çilidəki üsyan ilk gündən bəri çox şiddətli idi və bu üsyanın bir lideri yoxdur.
Çilidəki etiraz aksiyaları ictimai nəqliyyat vasitələrindəki qiymət artımına görə başlamış olsa da, səbəblər hədsiz çoxdur. Məsələn, Çili dünyada şəbəkə suyunun özəlləşdirildiyi yeganə ölkədir. Ölkədəki bir çox sahə və təməl istehlak maddəsinin (tualet kağızı, toyuqçuluq, daşınma və s.) istehsalında monopoliyalar var və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Siyasi elitaların maaşları minimum əməkhaqqından 33 qat çoxdur. Polis təşkilatlarında da qanunsuzluq hökm sürür, iş saatları çox uzundur və sağlamlıq sistemi bərbad vəziyyətdədir. Cənubi Amerikanın ən pis təhsil sisteminə sahib olan Çilidə təhsil və yaşam olduqca bahalıdır. Bütün bunlarda birinci dərəcəli günahkarın neo-liberal siyasəti ilə Pinera olduğunu iddia edən etirazçılar onun istefa verməsini tələb edirlər.
Aksiyalarda bu vaxtadək 15 insan ölüb, 300 yaralı var. 1500 insan üçün də həbs qərarı verilib.
İndoneziya xalqı da geriçiliyə və qanunsuzluğa qarşı baş qaldırıb
İndoneziyadakı aksiyalar daha çox 20-ci əsrin üsyanlarına bənzəyir. İndoneziyadakı bu üsyan 1960-larda təxminən 1 milyon kommunistin öldürülüb toplu məzarlara atılmasından bu yana ölkədə sol motivlərin ağır olduğu ən böyük nümayişlərdən biridir.
Üsyanlar 23 sentyabrda başlayıb və etirazlar 28 gündür sürətlə davam edir.
Sağçı və avtoritar prezident Coko Vidodonun Məclisə gətirdiyi yeni cəza qanunundakı yeni dəyişikliklərə görə, Qanunsuzluqla Mübarizə Qurumu (KPK) zəiflədilməli, evlilikdən kənar əlaqə, homoseksual münasibət, tibbi məcburiyyət olmadan abort və prezidenti təhqir etmək kimi aktlar cinayət hesab edilməlidir. Bu qərardan sonra tələbələr 23 sentyabrda parlament binasının qarşısında toplanıb. 300-dən çox tələbənin iştirak etdiyi aksiyalara müxtəlif quruluşlardan dəstək gəlməsi nəticəsində 1998-dəki Suhartonun devrildiyi üsyandan bu yana ölkədəki ən böyük üsyan dalğası başlayıb.
Prezident Vidodo tələblərin qəbul edilməyəcəyini deyib və polisə etirazları dağıtması üçün göstəriş verib.
Hərəkatın konkret bir lideri yoxdur, lakin Təsirli Xalq İttifaqı və Tələbələrin İdarə Şurası adlı iki milli gənclik təşkilatı aksiyalarda önə çıxır.
Sülh şəraitində başlayan üsyan polisin müdaxiləsindən sonra daha da böyüyüb.
İndoneziyadakı etirazların tələbləri digərlərinə nisbətən daha konkretdir. Üsyançılar 7 maddəlik, bir-birinə çox bənzəyən tələblər siyahısı açıqlayıb. Tələblərin bir qismi qısaca belədir: Yeni cəza qanunundakı problemli maddələr ləğv edilsin, torpaq qanunu dəyişdirilsin, həbs edilən vicdan məhbusları və aktivistlər sərbəst buraxılsın.
23 sentyabrdan bu yana aksiyaçılardan 5-i həyatını itirib, 265-i yaralanıb və 30 aksiyaçı həbs olunub. Təhlükəsizlik işçilərindən də 65 nəfər yaralanıb.