"Prezident İlham Əliyevin Valday klubunun iclasındakı nitqi indiki dövrün gündəmində olan çox sayda problemi əhatə edib. Prezidentin Qarabağ probleminə toxunması isə Azərbaycan diplomatiyasının beynəlxalq səviyyədə başa düşülməsindən xəbər verir".
Bunu "Report"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, son günlər region üçün maraqlı hadisələr baş verib: "Bunlardan biri Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana səfəri idi. Ardından Rusiya dövlətinin başçısı Valday klubunun iclası çərçivəsində Prezident İlham Əliyevlə görüşü baş tutdu".
"Klubun iclası çox lazımlı vaxtda keçirildi. Paşinyanın son vaxtlarda Xankəndində və ya Yerevanda səsləndirdiyi fikirləri Azərbaycan Prezidentinin çıxışı ilə müqayisə etsək, əlbətdə, iki ziddiyyət, deyək ki, yanaşma görmək imkanımız var. Bunlardan biri (Paşinyanın fikirləri - red.) özündə heç bir konstruktiv bir şey əks etdirmir, heç bir əsasa malik deyil, Prezident İlham Əliyevin nitqi isə zamanın reallıqlarına cavab verir, regionumuzdakı mövcud vəziyyəti tam ifadə edir və rəsmi Yerevanın destruktiv siyasəti səbəbilə hələ də durğunluq vəziyyətində olan Dağlıq Qarabağ probleminə bilavasitə toxunur", - T.Abbasov vurğulayıb.
"Prezident İlham Əliyev Qarabağın Azərbaycan olduğuna şübhə ola bilməyəcəyini söyləməklə və bunu nida işarəsi ilə qeyd etməklə Paşinyana çox dolğun cavab verdi. Digər tərəfdən, bu mövqe Rusiya xarici işlər nazirinin açıqlamalarında da dəstəklənib. Sergey Lavrov faktiki olaraq ilk dəfə Qarabağ nizamlanmasının sülh prosesinin iflasa uğramasının rəsmi Yerevanın dağıdıcı fəaliyyətləri ilə əlaqəli olduğunu elan edib. Onun Ermənistanın (Qarabağ nizamlanması ilə bağlı - red.) mövqeyini Albaniyanın Kosovo münaqişəsinin yanaşmaları ilə müqayisə etməsi isə ondan xəbər verir ki, Moskva bu iki yanaşmanı qəbul etmir", - T.Abbasov bildirib.
Politoloq həmçinin Azərbaycan-Rusiya münasibətləri amilinin regional təhlükəsizlik və inkişaf kontekstində əhəmiyyətini qeyd edib.
"Bu, regional problemlər kontekstində sabitləşdirici və stimullaşdırıcı təkan rolunu oynayır. Bilirsiniz, təhlükəsizlik uzun olmur, xüsusilə regionda bir kənara sıxıldığına görə inteqrasiya layihələrindən tamamilə ayrı düşən, dağıdıcı hərəkətlər etməyə məcbur olan Ermənistan kimi ölkə varsa. Azərbaycanın mövqeyi isə qazanclı olmasa da, real və tələbatlı görünür. Buna görə də Prezident İlham Əliyevin nitqi beynəlxalq elitada böyük əks-səda doğurub. Əsas məqamlardan biri də odur ki, ölkə lideri yalnız qlobal düşünmür, həm də dünyanın ən vacib, həssas və kommunikativ-fəal regionlarından birində inteqrasiya proseslərinin inkişafı naminə, təhlükəsizliyin gücləndirilməsi naminə əhatəli addımlar atır", - T.Abbasov bildirib.
Politoloq vurğulayıb ki, buna görə də regiondakı siyasi qüvvələrin hazırkı nisbətini müqayisə etsək, Azərbaycan böyük fərqlə irəlidədir, Ermənistan isə mənfi balansını artırır və rəqabətə tab gətirə bilmədiyindən dağıdıcı və destruktiv hərəkətlərə davam edəcək.
Politoloq İlqar Vəlizadə isə "Report"a açıqlamasında Ermənistan tərəfinin və baş nazir Nikola Paşinyanın "səyləri" sayəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələrin bir az fərqli müstəviyə - meydanalara, əvvəlcədən ictimai rəyə yeridilmiş siyasi mühitə keçməyə başladığını bildirib. Onun sözlərinə görə, belə tendensiyalar danışıqları konstruktiv axardan kənara çıxarır.
"Prezident İlham Əliyev Valday ekspert müzakirələri klubunda çıxış edərək Ermənistan tərəfindən bu cür hərəkətlərin yolverilməzliyinə və belə bəyanatların həqiqi vəziyyətə uyğun olmamasına diqqət çəkib. Çünki hər kəsə Dağlıq Qarabağ probleminin güc yolu, təcavüz aktının gücləndirilməsi və işğal ilə həll edilə bilinməyəcəyi məlumdur", - İ.Vəlizadə deyib.
"Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin səviyyəsinə enməyib və söhbəti beynəlxalq hüquq müstəvisinə çıxarıb. İlham Əliyev arqumentlərini təqdim edərkən beynəlxalq hüquqa, bütün dövlətlərin de-fakto razılaşdığı mövqeyə əsaslanıb", - ekspert vurğulayıb.
Ekspertin fikrincə, "Qarabağ - Azərbaycandır və nida işarəsi” deməklə İ.Əliyev vəziyyəti bu gün hüquqi müstəvidə mövcud reallıqlara uyğunlaşdırıb: "Əlbəttə, zalda əyləşən mütəxəssislər üçün Ermənistan tərəfinin baş nazirinin absurd açıqlamalarına Azərbaycan tərəfinin əsaslandırılmış cavabını dinləmək vacib idi. Paşinyanın absurd açıqlamasından dərhal sonra reaksiya verməyən, bunun üçün lazımi vaxtı və imkanı gözləyən dövlət başçısının sərt çıxışı isə reaksiyanın həqiqi və hissolunacaq olmasını şərtləndirdi. Bu da hörmətəlayiq addımdır".
İ.Vəlizadənin sözlərinə görə, Ermənistan tərəfdən təxribatların sayının artması ən azı Rusiyanın maraqlarına cavab verməyən və təbii olaraq bütün regionu ciddi fəsadlarla təhdid edən hərbi gərginliyin yaranmasına səbəb olur.