Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu sentyabrın 25-də Boradigah qəsəbəsində keçirilib.
MilliYol.Az xəbər verir ki, səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 300-ə yaxın qəsəbə sakinləri iştirak edib. Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən, cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib.
İcra başçısı qeyd edib ki, Boradigah rayonun böyük və abad yaşayış məntəqələrindəndir: “Ölkədə, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri 12 min əhalisi olan bu qəsəbədə də öz əksini tapır. Buna baxmayaraq, biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Bir ay bundan öncə də Boradigah qəsəbəsinə daxil olan Mollaoba kəndində bir neçə evdə olub vətəndaşların problemləri ilə yaxından tanış olmuşam. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb”.
İcra başçısı vurğulayıb ki, təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır: “Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİB kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da yeni iş yerlərinin yaranmasına gətirib çıxarır”.
Rafil Hüseynov bildirib ki, əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır: “Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar Cənab Prezidentin sərəncamı ilə təmir olunur”. Sonra rayon İcra hakimiyyətinin başçısı sakinləri narahat edən məsələlər barədə məlumat alıb, onların təklif lərini dinləyib. Qəsəbə sakinlərindən Elnur İsmayılov, Əsgər Nəhmətov, Rəhman Əkbərov, Aydın Abdullayev, Balağa Hacıyev, Zakir Abdullayev, Vüqar Məmmədov və başqaları Boradigah - Qumbaşı yolunun təmiri, suaparıcı kanalların təmizlənməsi, elektrik transformatorlarının dəyişdirilməsi, internetin zəif olması, bəzi məhəllələrdə içməli su çətinliyi, uşaq bağçasının tikilməsi və sair məsələləri gündəmə gətiriblər. Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan, ölkəmizdə, o cümlədən Masallı rayonunda sosial - iqtisadi inkişaf sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb.