Nə doğum günü yadda saxlayanam, nə ölüm günü. Həm doğuluşa, həm ölümə adi Allah idarəçiliyi, başqa təbirlə, təbiət hadisəsi kimi baxıram- necə ki, ağac tumurcuqlayır, yarpaq gül açır, bar verir və solur- eyni o cür...
Azər Sarıoğlu
İnsan yaradılmış olaraq təbiətə verdiyi töhfələrə görə, həmyaradılanları (təbiətdəki digər yaradılmışlar kimi) ilə müqayisədə geri qalır. Yenə ot, yarpaq çürüyəndə gübrəni əvəz edir, növbəti yaradılışa vəsilə olur. İnsan ölümü ilə nə qoyub gedir? Malı qalırsa, məişətdə, fikri olubsa, ictimaiyyətdə konflikt predmeti miras qoyur.
Ancaq təpədən-dırnağa şair-rəssam olaraq doğulanları Allah ədalətsizcəsinə vəhşi cəmiyyətin qoynuna atanda, insan da gözdən düşür, şair də, rəssam da. Allahın bu hökmünün hikməti nədir bilmirəm, lütfən, insanın faili-muxtarlığından, Allahın dünyanı imtahan üçün yaratmasından və s. şeylərdən danışıb bildiyimiz şeyləri bizə öyrətməyin! Söhbət kəpənək misallı kövrək yaradılmışlardan gedir. Allah o xarakteri onlara veribsə, özü də həmin xisləti yaratdığına görə cavabdeh olmalıdır. Bəlkə də o dünya var və Allah həmin kəpənək-şair-rəssamları bu dünya adamlarını imtahan etmək üçün göndəribsə, bu, başqa məsələ. O zaman batdıq!
Həqiqi doğuluşu nə zamandır bilmirəm, ancaq rəsmi olaraq bu dünyaya gəlməsi sənədlə miladın 20 sentyabrına, zodiakla qız bürcünə təsadüf edən, qız abırlı şeirlər yazan, miladdan əvvəl gəlib sonsuza qədər davam edəcək ədəbi nümunələr qoyub getmiş, sağlığında yuxarıların tərifləyib aşağıların umuduna buraxdığı, aşağıların ayıq vaxtı aşağılayıb, içəndə yuxarılara qaldırdığı Adil Mirseyidin anım günü olduğu yazılıb... Əslində, Adilkimilər doğulmur, göndərilir...
Adil Mirseyid “Palitra” qəzetində “Vernisaj” səhifəsini aparırdı. Tanınmış şairlərdən biri çap olunmuş şeirlərini onun səhifəsində soxuşdurmaq istəyirdi. Adil duyuq düşdü, vermədi. Şair üstümə gəldi, ağzının üstündən vurdum. Soruşdu ki, məni niyə sevmirsən, cavab verdim, yaltaqsan, ona görə. Dedi ki, Adilin yaltaqlanmağa imkanı olmayıb, ona görə bu gündədir.
Adil çox tanınmış ədəbi tənqidçini çap eləmədi, həmin şəxs üstümə gələndə, dedim ki, konyukturaçısan, Adil belələrini sevmir, ona görə də vermir. Cavab verdi ki, Mirseyid ədəbi konyuktura nə olduğunu bilmir, ona görə bu gündədir.
Alimi qapıdan qaytardı, zəng gəldi, dedim ki, madam intellektinə güvənir, hansı məkanda və şəraitdə istəyirsə, Adillə qarşılaşa bilər- lap elə sizin instututda, səs çıxmadı.
Adil Mirseyidin missiyası qapıdan qaytarmaq deyil, keçirmək idi, neçə ədəbiyyat adamına istiqamət verdi, neçəsinə “şair” dedi.
Adil yaltaqlıq etmək istəsə də, konyukturaçılığa cəhd etsə də alınmazdı, süniliyi o an meydana çıxardı. Çünki onun missiyası başqa idi. O, yaradıcı cameəni Yaradan adına imtaha gəlmişdi. Sadələri, arxasızları isə öyrədirdi, yol açırdı. Onun sayəsində bildilər poeziyanın incəliyini, dərinliyini demirəm, onu universitetlər də öyrədir. Onu sayəsində gördülər ədəbiyyatın ovsununu, böyüklüyünü demirəm, filologiya fakultələri onsuz da öyrədir. Adil müəllim filosof ola bilərdi, ancaq missiyası başqa idi, o, filosofların qulağına pıçıldaya bilərdi.
Adil Mirseyid ən yaxşı rəssam ola bilərdi, ancaq istəmədi, rəssamlara məsləhət verdi.
Ancaq çox gözəl şair oldu və duyanların yadında şair olaraq qaldı:
“bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi Allah
mən ona sirr verib sirr saxlayardım..
nə tüfəng asılıb divardan nə saz.
bəlkə öz ömrümü uydurmuşam mən,
bəlkə yüz il əvvəl oyanmalıydım.
bəlkə bu yuxudan gec durmuşam mən.
nə bir at kişnəyir nə köpək hürür,
divar saatı da susub qorxudan.
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan.
göylərdən qovulmuş mələyəm bəlkə,
bəlkə də bir sərxoş meyxanəçiyəm.
bir gecə oyandım yağış səsinə,
bilmədim hardayam kiməm nəçiyəm”.