ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsinə münasibət bildiriblər.
ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən APA-ya daxil olan məlumatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır: "Lakin Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu “seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır".
Qeyd edək ki, bu ilin 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkiləri” keçirilib. Azərbaycan XİN bu "seçkiləri" kəskin pisləyib. Gürcüstan XİN də "seçkiləri" tanımadığını bəyan edib.