Amerikada 30-35 yaşlı insanların 50%-i sosializmin kapitalizmdən daha yaxşı olduğuna inanır. Təkcə bu məlumatlar belə “Amerika xəyalları”nın çoxdan sona çatdığını göstərir...
Tunca ARSLAN
“Aydınlık” qəzeti, Türkiyə, 6 sentyabr 2019-cu il
Kapitalizmin beyni ya da ürəyi “Wall Street-New York” birjasındadır və maliyyə şirkətlərinin vəhşi dünyasında gedən oyunlar, məhv olan həyatlar və sönən ümidlər rejissorların həmişə diqqətini cəlb edib. 1929-cu ildə baş vermiş böyük iqtisadi böhrandan sonra çəkilən filmlərə baxsaq, həmin hekayələri görə bilərik.
Son dönəmdə bu mövzuda iki böyük rejissorun filmi xüsusi yer tutur. Oliver Stonun 2012-ci ildə çəkdiyi “Wall Street: Money Never Sleeps” filmi maliyyə münasibətlərindəki qəddar taktikaları təsirli şəkildə izləyiciyə çatdırır. Martin Skorsesin 2013-cü ildə çəkilmiş “The Wolf of Wall Street” filmi isə Cordan Belfordun real həyatından və böyük yüksəlişdən sonra necə çökdüyündən bəhs edir.
Digər bir filmdə də yenə real həyat hekayəsi var. Ceyms Koks “The Billionaire Boys Club” filmində eynilə Cordan Belford kimi gənc yaşda əlini pula və qana batıran Coe Hant və Din Kerni adlı iki nəfərin macərasını ekrana gətirib.
“Faizə hücum” dönəmi
Martin Skorsesin filmi 1989-da Donald Reyqanın prezidentliyindən sonrakı dövrə düşsə də, iqtisadi cəhətdən hələ “Reyqanomika” dönəmi hökm sürürdü. Ceyms Koksun filmində isə 1983-cü ildən başlayan Reyqan dönəminin ən sərt hekayəsi təsvir olunur. Xatırladım ki, həmin illərdə Türkiyədə də 12 sentyabrın “Özal İqtisadiyyatı” qüvvədə idi və əvvəlcə bankirlik partlayışı olmuş, yəni pul aşıb-daşıb. Sonra isə ard-arda bankir faciələri baş verib. Bu proses Türkiyədə “Faizə Hücum” (1982) kimi filmlərlə önə çıxmışdı.
“The Billionaire Boys Club” filmində yaxşı təhsil almış, dahi hesab edilən və zəngin ailədən olan iki gənc özləri kimi olan məktəb dostlarının sayəsində qısa zamanda çoxlu pul qazanırlar. Sonra da eynilə Belford kimi FTB-nin əlinə düşürlər. Bu iki gənc hələ əllərində olmayan pullarla iş qurub yeni investorları özlərinə cəlb edirlər, sürətlə zənginləşib, sonra da dələduza çevrilirlər. Sonda zəngin həyatları bir anda sönüb gedir və içinə düşdükləri problem həll edə bilmirlər, nəticədə də, iki cinayət törədirlər. Bütün bu hadisələr Amerika xəyallarının necə kabusa çevrildiyini göstərir.
Xəyallar çoxdan puç olub
Ceyms Koks “Wall Street” və ya “The Wolf of Wall Street” kimi işlər çıxarmış olmasa belə, qəhrəmanlardan birinin bu ifadəsi hər şeyi aydın şəkildə izah edir: “Şəxsi həyat fəlsəfəmiz bizə her şeyi verdi, sonra da geri aldı”. Sürətli zənginləşmənin sonunda sürətli çöküş baş verir və Coe Hant ömürlük həbsə məhkum olur. Hantla bağlı internətdə kiçik bir araşdırma etsəniz, qarşınıza həyəcanlı, real həyat hadisələri çıxacaq. Kevin Speysi filmdə parlaq bir aktyor kimi önə çıxır, lakin filmdəki əsas problem ritmin zəif olmasıdır.
Bir neçə ay əvvəl “Bloomberg” kanalında Devid Rubenştaynın proqramında bildirilmişdi ki, hazırda 30-35 yaş arası amerikalıların təkcə 26%-i öz ana-atasından yaxşı yaşayır. Eyni yaş qrupunun 50%-i isə sosializmin kapitalizmdən daha yaxşı olduğuna inanır. Təkcə bu məlumatlar belə “Amerika xəyalları”nın çoxdan sona çatdığını göstərir. 1980-ci illərin ABŞ-ın Reyqan və ya Belford, Kerni kimi kovboyları da bu xəyalları davam etdirmək üçün “bataqlıqda vuruşanlar” olaraq tarixə düşdülər.