Jurnalist Fikrət Fərəməzoğlu həbsxana gündəliyindən maraqlı məlumat paylaşıb.
MilliYol.Az xəbər verir ki, o, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin türmədə özünə xəsarət yetirmək istəməsindən yazıb:
"3 avqust 2016-cı ildə məni Kürdəxanı təcridxanasına gətirəndən bir gün sonra (karantin müddəti) 3-cü korpusun 3-cü mərtəbəsinə, 69-cu kameraya yerləşdirdilər. Mən ora gəlməmişdən bir gün qabaq Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin qaldığı yeri dəyişmişdilər. Məhkəməsi bitdiyindən onu çoxnəfərlik kameraya aparmışdılar. Deyilənlərə görə, özü belə istəyib. Səbəbi aşağıda qeyd edilib.
Kamera yoldaşlarım, digər kameradan olanlar deyirdilər ki, Cahangir Hacıyev əvvəlcə təknəfərlik kamerada saxlanılıb. Sonradan onun yanına bir nəfər yerləşdirilib. Həmin şəxs də kasıb adam olub və onun qulluğunda dayanıb. İnsafən, Cahangir də ona pis baxmayıb. Lakin məhkəməsi bitdikdən sonra çoxnəfərlik kameraya keçirilib. Deyib ki, ikinəfərlik kamerada qalmaqdan bezib. 10 nəfərlik bir kameraya keçirilməsini istəyib, əks təqdirdə, özünə xəsarət yetirəcəyini söyləyib. Bundan ehtiyat edən İstintaq Təcridxanasının rəhbərliyi də onu 10 nəfərdən ibarət olan kameraya yerləşdirib.
Beynəlxalq Bankın keçmiş prezidenti bütün korpusun istifadə edəcəyi adı ilə 3000 manat verib soyuducu alsa da, sonradan ora özündən başqa heç kimin ərzaq qoymasına icazə verməyib. Hətta buna görə, mübahisə də yaranıb. Maraqlıdır ki, başqa korpusa getdikdən sonra da həmin soyuducudan istifadə etmək istəyib. Amma bu, mümkün olmayıb. İcazə verməyiblər. Bir müddət sonra isə mənim israrlı tələblərimdən sonra həmin soyuducu bütün dustaqların ixtiyarına verildi.
Nəzarətçilər deyirdilər ki, ona İngiltərədən dərman və geyimlər gəlirmiş. Telefona çıxmasına həftədə iki dəfədən artıq icazə verilmirmiş. Deyilənlərə görə, rejim rəisinə dəfələrlə ayda 5000 manat pul müqabilində ona gündəlik telefona çıxmaq imkanı yaradılmasını təklif etsə də, rədd cavabı alıb. Və bu məsələnin onlarlıq olmadığını diqqətinə çatdırıblar.
Deyilənlərə görə, 3-cü korpusda olan zaman heç kimə yardım etməyib. Hətta ona yardım üçün müraciət edənlərə kobud cavab verirmiş. Bir neçə dəfə mübahisə də yaranıbmış onunla dustaqlar arasında. "Boksda” (məhkəməyə aparılan zaman yoxlanış-baxış keçirilməsi və yola salınma və qarşılanma üçün nəzərdə tutulmuş xüsusi yer) dustaqlarla aralarında yaranan mübahisədən sonra nəzarətçilər onu tək aparıb-gətirirmişlər.
Danışırdılar ki, məhkəməyə "voronok”la (dustaqları daşımaq üçün QAZ-53 markalı maşın) deyil, həmin maşınları müşayiət edən "Prado” markalı avtomoibillə gedirmiş. Doğrusu, bu barədə eşitmişdim, amma rastlaşmamışdım.
Onu da deyirdilər ki, Cahangir Hacıyev 3-cü korpusdan çıxarılıb 4-cü korpusa yerləşdirildikdən sonra tamam dəyişmişdi. 10 nəfərlik kamerada qalan eks-bank rəhbəri təkcə öz kameralarının ehtiyaclarını deyil, həm də qaldığı korpusun (yalnız bir mərtəbəsi) bütün dustaqlarının da bir çox ehtiyaclarını üzərinə götürmüşdü. Məsələn, hər gün həmin mərtəbədəki hər bir dustağa "laryok”dan (market) bir qutu siqaret və hər kameraya iki gündən bir 250 qram çay və 1 kiloqram qənd onun hesabına verilirmiş.
Dustaqlar deyirdi ki, hətta bir neçə nəfərin azadlığa çıxmasına kiçik məbləğli maddi yardım da göstərib. Lakin 3-cü korpusda olarkən elədiklərinə baxanda, bunun sadəcə, ortalıqda məqsədli şəkildə yayılmış xəbər olduğu daha çox qəbul olunurdu. Çünki varlı və imkanlı adamlar "etap” getməmişdən əvvəl belə xəbərləri qəsdən yaydırırdılar ki, sonra zonda problemləri yaşanmasın və ya dustaqlar arasında onlara münasibət mənfi olmasın.
Məhkəmə prosesləri tam bitdikdən sonra Cahangir Hacıyevi 13-cü zona göndərdilər. O, Penitensiar Xidmətin rəhbərliyi ilə 10-cu zona getmək üçün uzun müddət danışıq aparsa da, faydası olmamışdı.