Leyla Məmmədli adlı Bakı şəhər sakini paytaxtda yerləşən "InTravel Az" turizm şirkəti barədə maraqlı məlumat yayıb.
MilliYol.Az xəbər verir ki, o, şirkəti dələduzluqda ittiham edib.
Leyla Məmmədlinin sözlərinə görə şirkət 20 ailəyə qarşı eyni addımı atıb. Xanımın "Facebook" səhifəsi üzərindən yaydığı şikayəti olduğu kimi təqdim edirik:
"Salam dostlar! Başıma gələn bir hadisə səbəbindən şokdayam və sizinlə paylaşmaq istədim. Ki, mənim kimi tələyə düşməyəsiniz. Mən ailəmlə (uşaq, yoldaşım, anam, qardaşım) bu gün səhər Antalyaya uçmalı idik. "InTravel Az" şirkətindən tam ödəniş edərək, möhürlü və imzalı qəbzi olan sənədlə tur paket almışdıq. Səhər hava limanında anlaşılıb ki, nə bilet var, nə hotel. Və hələ mənim kimi hazırda 20-dən çox ailə bu dələduzluqdan əziyyət çəkir. Təbii ki, qanun qarşısında cavab verəcəklər və pulumuzu geri alacağıq. Ancaq mənim və ailəmin yaşadığı stressin bədəlini heç kəs ödəyə bilməyəcək. Ona görə burdan paylaşdım ki, bilin və agah olun. O yalançı, dələduz, başqalarının pullarının öz şəxsi mənafelərinə görə mənimsəyənlərdən heç nə almayın. Və belə yalançı turizm şirkətləri də bağlanmalıdır. Əminəm ki, bununla bağlı ən qısa zamanda hüquq mühafizə orqanları da tədbir görəcək".