"Yayın ortasında 2 manata kartof olmaz". Bu sözləri Baş nazirin müavini Əli Əhmədov bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən "Yaşıl bazar"a baş çəkərkən satıcılardan birinə deyib.
Qiymətləri görən vitse-premyer "Bahadır, çox bahadır. Qiyməti endirmək lazımdır" deyə reaksiya verib.
Düzdür, iqtisadçı ekspertlərin əksəriyyəti Ə.Əhmədovun bu yanaşmasını azad və rəqabətli iqtisadiyyat qaydalarına zidd sayır və deyirlər ki, qiymətin formalaşmasında iqtisadi qanunların rolu əsasdır, hansısa inzibati müdaxilələr yox.
Onların fikrincə, sual "kartofu niyə baha satırsız” yox, "kartof niyə bahadır”, olmalıdır; yəni, qiymət nəticədir, səbəb deyil.
Lakin indi bizim mövzumuz başqadır.
Bütün hallarda Ə.Əhmədovun dedikləri ölkədə qiymət bahalaşmasının dolayı da olsa, rəsmi təsdiqi sayıla bilər. Halbuki, Dövlət Statistika Komitəsinin ("Statkom") rəqəmlərindən belə anlaşılır ki, ölkədə hər hansı bahalaşmadan danışmaq yersizdir.
Üstəlik, "Statkom"un bu rəqəmləri Azərbaycanda hətta mövsümi məhsulların belə, qiymətlərinin kəskin artması fonunda açıqlanır. İş elə gətirib ki, artıq hətta yay aylarında da vətəndaşın cibi ilə meyvə-tərəvəzlərin, yaxud lap elə ətin qiyməti arasında dərin uçurum var. Ancaq Tahir Budaqovun sədri olduğu Dövlət Statistika Komitəsi əvvəlki zamanlarda olduğu kimi yenə real inflyasiyanı gizlətmək yolunu tutub.
Ölkənin aparıcı müstəqil iqtisadçılarından, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Ağayevin vaxtilə yazdığı kimi: "Azərbaycanın rəsmi statistikasında bir sıra göstəricilər uzun illərdi müstəqil araşdırmaçıların etibarını qazana bilmir. Bu, özünü cəmiyyət üçün xüsusi həssaslığı olan sosial göstəricilərdə – yoxsulluq, işsizlik, inflyasiya səviyyəsi kimi mühüm statistik məlumatlarda daha aşkar büruzə verir. Məsələn, son illər hökumət yoxsulluq səviyyəsinin 5% ətrafında olduğunu elan edir. Lakin müstəqil ekspertlər hökumətin yoxsulluğu ölçmək üçün istifadə elədiyi mexanizmi yanlış saydıqlarına görə rəsmi yoxsulluq səviyyəsilə bağlı statistik məlumatlara güvənmirlər..."
Ancaq dərd orasındadır ki, rəsmi statistikaya inanmayanlar, güvənməyənlər, sadəcə, müstəqil ekspertlər deyillər, elə vətəndaşların çoxu da artıq "Statkom"un rəqəmləri ilə həyatın reallıqları arasında asanca müqayisə aparıb həmin rəqəmlərə şübhə duyurlar.
Vəziyyətin getdikcə daha da acınacaqlı şəkil almasının nəticəsidir ki, bir neçə ay əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı ilginc təkliflə çıxış etmişdi. O, "Statkom"un rəsmi göstəricilərinin Azərbaycanda inflyasiyanın real səviyyəsini əks etdirmədiyinə işarə vuraraq demişdi: "Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss etməmişəm. Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıblar. Danışanda elə danışmaq lazımdır ki, inandırıcı olsun”.
Kifayət qədər yerində verilmiş təklifdir. Xüsusilə Baş nazirin müavini Əli Əhmədovun "Yaşıl bazar"a baş çəkib qiymətlərin bahalılığı ilə tanış olmasından sonra "Statkom" sədri T.Budaqovun da bu təcrübədən faydalanması yaxşı olardı. Bəlkə o, gerçək qiymətləri öz gözləri ilə gördükdən sonra Dövlət Statistika Komitəsinin ölkədəki inflyasiya ilə bağlı hesablamaları da reallıqla üst-üstə düşdü.
Baxmayaraq ki, adıçəkilən qurum rsəmi statistikaların aparılmasında sovetdənqalma, artıq köhnəlmiş metodologiyasından əl çəkmədiyi müddətcə hətta bunun özü də o qədər inandırıcı görünmür...
Mənbə: qaynarinfo.az