Bakıda anası tərəfindən zəncirlənmiş uşaq 2 saylı dövlət uşaq müəssisəsinə yerləşdirilib.
MilliYol.Az-ın "Sputnik"ə istinadən məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşaq ananın əlindən alınaraq uşaq evinə yerləşdirilib. K. Ağazadə uşaqla psixoloji iş aparılmamış onun uşaq evinə yerləşdirilməsinin düzgün olmadığı fikrindədir. O, bildirib ki, belə ağır travma almış uşaqların dövlət uşaq müəssisələrində uşaqlarla münasibət qurması çətin olur və onlar ətrafdakılara davranışları ilə zərər vururlar.
Xatırladaq ki, 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.