Son vaxtlar qızılın dünya bazarında qiymətinin artımı müşahidə edilir. Bu, Azərbaycan qızıl bazarına da təsirsiz ötüşməyib.
Bəs bu bahalaşmanın səbəbləri nədir və bundan sonra qızılın qiymətində artım müşahidə ediləcək?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qızılın qiymətinin artması dünya bazarında ona olan tələbatın artımı ilə əlaqədardır:
“2018-ci ilin sonu 2019-cu ilin əvvəllərində qızılın qiymətində artımın olacağını proqnozlaşdırmışdıq. Bundan başqa, Çin və ABŞ arasındakı ticarət müharibəsi birbaşa qlobal iqtisadi artım tempinin azalmasına gətirib çıxarıb. Bu azalma fonunda investor portfellərini şaxələndirirlər ki, bu da bazarda qızılın qiymətinin artmasına səbəb olub”.
Onun sözlərinə görə, son bir ildə dünya bazarında qızılın qiyməti təxminən 10 faiz artıb.
“Bu, son illərin kifayət qədər yüksək artımı kimi qiymətləndirilir. Artım bu tempdə davam edir. Altı aylıq və bir aylıq yekunlarda da qızıl faktiki olaraq, mövqelərini möhkəmləndirib. Ticarət müharibəsi davam etdikcə, növbəti aylarda da qızılın qiymətində artım olacaq. 2019-cu ildə dünya bazarında qızılın qiymətində ikirəqəmli artımın olacağı proqnozlaşdırılır. Bu da faiz baxımından ən yüksək artım kimi qiymətləndirilir”, - iqtisadçı əlavə edib..
O qeyd edib ki, qızılın dünya bazarında qiymətinin artması Azərbaycan istehlak bazarına da təsir edib:
“Azərbaycan qızıla olan tələbatının 95 faizini əsasən, dörd ölkədən edilən idxal hesabına ödəyir. Bunlar Səudiyyə Ərəbistanı, İtaliya, Rusiya və Türkiyədir. Son monitorinqlər göstərir ki, ölkədə son altı ayda qızılın qiymətində yeddi faizə yaxın artım qeydə alınıb. Növbəti dövrdə də Azərbaycanda qızılın qiymətinin artacağı proqnozlaşdırılır.
Nəzərə alsaq ki, sentyabrdan Məhərrəm ayı başlayır. Sentyabr və oktyabr aylarında qızılın qiymətində stabilləşmə olacaq. Noyabr ayından etibarən qızılın qiymətində yenidən artımların olacağı proqnozlaşdırılır. Bu artım təxminən səkkiz faiz olacaq”.