Kubra Məhərrəmova
Pul yaxşı şeydir. Kim deyirsə xoşbəxtlik pulda deyil, zənnimcə riyakarlıq edir. Pul məqsəd olmasa da, məqsədə doğru getməyin ən rahat və mütləq yoludur. Sözüm onda deyil.
Sözüm ondadır ki, biz xalq kimi həmişə yaxşı zövqə malik olmuşuq. Buna sübut olaraq milli geyimlərimizdən tutmuş, tarixi abidələrimizə kimi misal çəkmək olar. Xalçaçılıq, rənggarlıq, zərgərlik sənəti hər zaman inkişaf edib. Ən azı XX əsrin əvvələrində neft sənayesinin inkişaf etdiyi dövrdə birdən-birə mal-mülk, milyonlara sahib olan yerli milyonçuların tikdirdiyi zövqlü və möhtəşəm binaları nümunə gətirmək olar. İnsanlar bir ətək pul xərcləyərək Bakının memarlıq üslubunu yarada biliblər. İndi də baxanda valeh olursan. O dövrün kişiləri gözəl binalarla yanaşı məktəblər, xəstəxanalar və s. tikdirərək, indiki dildə desək, sosial məsuliyyətlərini yerinə yetirmişlər. Xeyriyyəçilik edərək gözəl ənənə yaradıblar.
Amma indi nə möcüzədirsə pulu çox olan adamların zövqü heç bir qəpiklik də deyil. Tikdirdikləri çoxmərtəbli binalar, bağ evləri, restoran və şadlıq evləri, təmir etdikləri mənzillərə baxıb elə nəticəyə gəlmək olar ki, indikilər zövqsüzlük üzrə yarışa çıxıblar. Özü də indiki dövrdə. Kifayət qədər zövqlü və peşəkar memar, dizaynerlərin olduğu zamanda. Amma müştəri hər zaman haqlıdır. Pulun çox olması, ailənin qazancının yüksək olması barədə hər yerdə istifadə olunan qızılı işləmələr, qızılı güzgülər, qızılı divar kağızları, qızılı çılçıraqlar xəbər verir. Döşəməyə ən bahalı təbii ağaclardan hazırlanan bəzəkli parket vurulur, sonra isə üstünə o tay-bu tay xalça sərilir. Parketin vurulmasının nə mənası onda. Hələ mebellərdən danışmıram. “Nə qədər iri olsa bir o qədər yaxşıdır” fikri əsas meyardır onlar üçün.
Bu “pullu adamlar” ən bahalı avtomobilləri idarə edir. Necə edir, bu başqa mövzudur. Heç kimi saymır, harada gəldi, necə gəldi avtomobili park edir və s. Deməli bahalı avtomobilin interyer həlli də bu qəbil insanları qane etmir və onlar öz zövqlərinə görə “düzəliş” edirlər. İlk növbədə ayı dərisini xatırladan süni üzlüklər salondakı oturacaqlara keçirilir. Sonra qızılı rəngdə təsbeh güzgüdən asılır və mütləq salonda üzərlik, tikan, gözmuncuğu dəsti “nəfs və göz” əleyinə yönləndirilir. Və ara müğənnilərin (nə qədər zövqsüz olsa, bir o qədər yaxşıdır) ifasıyla dolu olan yaddaş kartı da bonus kimi əlavə olunur. Vallah, o avtomobil bilsəydi ki, onun sahibi bu qəbil adamlar olacaq, ya konveyerdən özünü aşağı atardı, ya da gömrükdə intihar edərdi.
Bu “varlı” adamların əksəriyyəti savadsız, dünyada baş verənlərdən xəbərsiz və kobuddurlar. Ən sadə etik qaydalardan belə xəbərləri yoxdur. Övladlarını da özləri kimi tərbiyə edirlər. Savadsız, kobud, vecsiz. İndi deyəndə ki, pul hər şeyi həll etmir, görürsən ki, həll edir axı. Şəhərin mərkəzində ev-eşiyi, bahalı avtomobili və s. Bu adamlar məclislərin gözü, fəxri qonağı olur. Deməli, pul həll edir, beş də üstündə.
Sonda isə onu deyim ki, bu “varlı” adamların etdiyi ən böyük xeyriyyəçilik qohumun toyuna “babat” pul salmaq və “parkovşikə” 1 manat verməkdən artıq olmur. Nə tələbə oxutdururlar, nə də qocalar üçün xəstəxana tikdirirlər.
Sanki hamı bunlara borcludur, bunlar isə göydən zənbillə düşüblər. Başlarında da bir fikir var “qızılı çox elə, hər şey əla olacaq”. Başda bir şeyin olması üçün savad, bilik, dünyagörüşü, düşünmək bacarığı lazımdır. Yəqin Allah birini verəndə, o birini alır.
Oxu.az