Mobil operatorların müştərilərə fırıldaq gəlməsiylə bağlı şikayətlər, istifadəçilərin saysız-hesabsız narazılıqları artıq adi hal alıb. Vətəndaşlar ödədikləri vəsait müqabilində keyfiyyətli mobil xidmət ala bilmədikləri ilə yanaşı, vəsaitlərin oğurlanması kimi iddialar da irəli sürürlər. Son dövlər belə iddialar daha çox internet paketlərini əhatə edir. Abunəçilər şikayət edirlər ki, aylıq internet paketləri çox vaxt elan olunmuş trafiklərə uyğun gəlmir.
Bəzən mətbuatda vətəndaşın bir neçə dəqiqədə Azercell-ə 100-200 manat məbləğində borclandığına dair şikayətlərə rast gəlirik. Abunəçilərin belə hallarla bağlı müraciətlərinə isə şirkət hər dəfə bir bəhanə ilə cavab verir.
Azercell-in internet xidmətindən şikayətçi olan Gəncə sakini redaksiyamıza göndərdiyi müraciətdə 5 aylıq Limitsiz İnternet paketi kampaniyasının qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl reklam çağırışları ilə, “5 aylıq Limitsiz İnternet paketi ilə 4G MiFi - 149 manata yox, 100 manata” kampaniyasına qoşulub. Lakin cəmi 20 gündən sonra internet xidməti dayandırılıb. Vətəndaş problemlə bağlı şirkətə müraciət etdikdə isə, ona bildirilib ki, təyin olunmuş limit bitib: “Mən başa düşə bilmirəm, 5 aylıq limitsiz internet paketi 20 günə necə bitə bilər? Limitli, yəni 5, 10, 30 Gb internet xidmətinə qoşulmamışam ki, şirkət “istifadədə israfçlıq kimi hallar” bəhanəsi gətirsin. Bunlar ya Azərbaycan dilini bilmirlər, ya da doğrudan da məqsəd vətəndaşların cibinə girmək, yalançı kampaniyalar vasitəsilə soyğunçuluqla məşğul olmaqdır. Rəsmi elanların da da göstərilir ki, 5 aylıq limitsiz internet paketi. Bu o deməkdir ki, mənim internetim 5 ay ərzində bitə bilməz. Çünki LİMİTSİZDİR!”
Şikayətçi qeyd edib ki, o, məsələ ilə bağıə dəfələrlə Azercell-ə müraciət etsə də, 5 aylıq limitsiz internet paketinin cəmi 20 günə bitməsinin səbəbini izah edən olmayıb: “Necə izah etsinlər? Necə desinlər ki, ödəyiniz 100 manatı mənimsəmişik? Mən aldığım 5 aylıq paketi heç bir ay da işlədə bilmədim. Bunun adı oğurluq deyilsə, bəs nədir? Bu, vətəndaşlara maddi və mənəvi ziyan vurmaq deyilsə, bəs nədir? 5 aylıq limitsiz internet paketi adlı kampaniya ilə vətəndaşları cəlb edib nəticədə onlara vəd olunan xidməti göstərməmək, cinayət xarakterli əməl deyilmi? 20 günlük internetə görə Azercell-in məndən 100 manat alması onu göstərir ki, bu kimi məsələlərdə hüquq-mühafizə orqanları şirkətin fəaliyyətinə məxsusi diqqət ayırmalıdırlar. Dövlətimiz və şəxsən cənab Prezident ölkə əhalisinin rifah halını daha da yaxşılaşdırmaq üşün müxtəlif tədbirlər, sosial layihələr həyata keçirir. Lakin təəssüf ki, bəzi şirkətlər ölkədə yürüdülən siyasətə zidd davranış nümunələri sərgiləyir, vətəndaşlara maddi ziyan vurmağa çalışırlar”.
Şikayətçinin dediyi 5 aylıq limitsiz internet paketi kampaniyası ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, Azercell həqiqətən də belə bir kampaniya keçirib. Şirkətin sosial şəbəkələrdəki səhifələrində də bu barədə elanlar yerləşdirilib.
Qeyd edək ki, bu kimi problemlərlə bağlı vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də müraciət edirlər. Qurumdan hər dəfə eyni məzmunlu cavab verilir: "Vətəndaş həm yazılı, həm də elektron formada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edə bilər. İstənilən halda vətəndaşın müraciətinə baxılır və müvafiq tədbirlər görülür. Əgər vətəndaşın mobil operatorla bağlı şikayəti varsa, biz həmin müraciəti aidiyyatı üzrə operatora ünvanlayırıq. Mobil operator isə problemi araşdırıb, yekun qərar verir".
Məsələ ilə bağlı Azercell-in mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, cəhdlərimiz nəticə vermədi.
Mənbə: Missiya.Az