Ölkə mətbuatında bir neçə gündür ki, Sumqayıt məktəblərindən Muğam Mərkəzinin tikintisi üçün icra hakimiyyəti tərəfindən müəllimlərin yay pulundan 50 manat məcburi yığılması barədə məlumatlar dərc edilməkdədir. Məlumatlarda qeyd edilir ki, məsələ artıq Prezident Adminstrasiyası tərəfindən nəzarətə götürülüb və pul yığılmasında adı hallanan Sumqayıt İcra hakimiyyəti rəhbərliyindən izahat tələb olunub.
Qeyd olunurdu ki, Sumqayıt məktəblərindən müəllimlərin yay pulundan 50 manat toplanılması "əməliyyat"ına icra başçısının birinci müavini Teymur Səmədov rəhbərlik edib.
Adının çəkilməsini istəməyən bir qrup təhsil işçisinin MilliYol.az-a verdikləri yeni məlumatda isə bildirilir ki, Sumqayıt məktəblərində işləyən müəllimlərdən məcburi 50 manat pul yığılması məlumatı mətbuatda dərc edildikdən sonra şəhər icra başçısının birinci müavini Teymur Səmədov mənbə axtarışına çıxıb.
Artıq başçı müavini məsələdə birbaşa adının hallanmasından qorxuya düşərək etdiyi əməllərə don geyindirmək üçün xeyli sayda direktor və direktor əvəzinə izahat yazdırır ki, məktəb müəllimlərindən pul yığılmayıb.
Məlumatda qeyd edilir ki, Teymur Səmədov bütün nəsli-kökü ilə mənbə axtarışına çıxıb və hələ də informasiyanın kimlər tərəfindən mətbuata göndərildiyini örgənməyə çalışır. Teymur Səmədovun mənbə axtarışında əsas "köməkçi"sinin qudası Sumqayıt Regional Mədəniyyət İdarəsinin müdiri Mehman Şükürov olduğu deyilir.
Bildirilir ki, başçının birinci müavini hər axşam qudası ilə birlikdə yeyib içdikləri restoranda direktorları və bəzi müəllimləri yanına çağıraraq məsələdən icra başçısı Zakir Fərəcovun çox əsəbləşdiyini və məlumatları ötürənlərin tapılaraq cəzalandırılması göstərişini verdiyini deyir.
MilliYol.az-a daxil olan digər məlumatda isə iddia edilir ki, Sumqayıt məktəblərində baş alıb gedən özbaşınalıqların memarı kimi ad çıxardan birinci müavin Teymur Səmədov müəllimlərdən məcburi yığılan 50 manat məsələsinin qurbanı ola bilər. Belə ki, məsələnin Prezident Adminstrasiyası tərəfindən nəzarətə götürülməsi icra başçısı Zakir Fərəcovuda çətin vəziyyətə salıb. Əgər baş verənlərlə bağlı hər hansı bir cəzalanma olacaqsa o zaman Zakir Fərəcov birinci müavini Teymur Səmədovu qurban edəcək.
Ancaq saytımıza verilən məlumata görə Fərəcovun birinci müavini "qurbanlıq" olmaq ehtimalını nəzərə alaraq bütün görüşlərində açıq şəkildə deyir ki, "məktəblərdən və digər müəsissələrdən pul yığılması göstərişini şəhər rəhbərliyi verir, mən əmr sahibiyəm".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az