Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycanın MiQ-29 döyüş təyyarasi Xəzər dənizinə düşüb. Hazırda təyyarənin və pilotun axtarışları aparılır.
MilliYol.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, MİQ-29 digər döyüş təyyarələri ilə bərabər Azərbaycan ordusunda önəmli yerlərdən birini tutur. 2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29 döyüş təyyarəsi alıb. Həmin təyyarələr Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan "Talisman" Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təhciz edilib.
MiQ-29 Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsidir. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilib.
Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilib.
Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunub ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur.
MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir. Belə ki, bu qırıcı indiyə qədər 30-dan çox ölkənin silahlanmasında mövcud olub. Ən böyük ixrac müqaviləsi isə Hindistanla imzalanıb. MiQ-29 döyüş təyyarələrinin istehsalı Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının törəmə müəssisəsi olan "Mikoyan" şirkəti tərəfindən davam etdirilir.
MiG-29 və Su-27-nin ilkin dövrlər konstruksiyalarının eyni plan üzrə aparılmasına baxmayaraq, fərqlənən cəhətləri də vardır. Uğurlu çıxan konstruksiya sonradan digər qırıcılara da tətbiq edilmiş, bu tipli təyyarələrin klassik cizgilərini formalaşdırmışdır. Uğurlu konstruksiya göstəricilərindən biri də MiQ-29-un Puqaçov Kobrası manevrini edən təyyarələr içərisində ilk yaradılan olmasıdır.
Təyyarənin gövdəsi əsasən allüminium ərintilərindən və dəmirdən, bəzi detallarda isə titan və qatışıq materiallardan istifadə edilib. Qanadların əyilməsi ön kənarlara görə 42 dərəcədir. Qanadların üst səthində yarıqlar mövcuddur. Yarıqların əsas funksiyası qırıcının yerdə hərəkəti zamanı mühərrikləri hava ilə təmin etməkdir. Belə ki, yerdə hərəkət zamanı mühərriklərə hava aparan əsas kanallarının yer səthinə çox yaxın olması mühərrikə kənar cisimlərin düşməsinə səbəb ola bilər və bunun qarşısını almaq üçün onlar qapanırlar.
Eleronlar hidravlik olaraq idarə olunsa da, Su-27-dən fərqli olaraq qanadlarda olan elektron idarəetmə sistemi yoxdur. Stabilizator tam dönməyə və differensial əyilməyə imkan verir. Şassi üçdayaqlıdır: tək qabağda, cüt arxada.
Silahlanmasında iç dayaqlarda daşınıla bilən, orta məsafəli hava-hava tipli Vympel R-27, idarəedilməyən bomba və raketlər daxildir. Bəzi sovet qırıcıları tək nüvə bombası da daşıya bilirlər. Yan dayaqlarda hava döyüşləri üçün R-73 və köhnə tipli R-60 daşınıla bilər. Təkmilləşdirilmiş versiyaları lazer başlıqlı, elektro-optik və hava-yer tipli raketlər də daşıya bilirlər.
Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200–1800 m olan, əksər Sovet hərbi təyyarə və helikopterlərində quraşdırılan QŞ-301 tipli aviatopla təchiz edilib.