“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli cəzalandırılıb. Buna səbəb isə işadamının Xəzər dənizinin sahili ilə bağlı müəyyənləşdirilmiş qaydaları pozması olub.
MilliYol.Az xəbər verir ki, Gununsesi.org-un əldə etdiyi məlumata görə, dəniz sahilini hasarlamaqda ittiham olunan Y.Qədimbəyli inzibati qaydada cəzalandırılıb. Əmlak Məsələləri Dövlət Komitəsi onu İnzibati Xətalar Məcəlləsinin 248-ci (Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələrilə bağlı tələblərin pozulması) maddəsi əsasında cərimələyib.
“Yusif Qədimbəyli cəriməni ödəməkdən imtina edib. Əmlak Məsələri Dövlət Komitəsinin qərarından məhkəməyə şikayət verib. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Hakim Şəlalə Həsənova cərimə qərarını ləğv edib. Əsas kimi isə iş üzrə hərtərəfli araşdırma aparılmaması göstərilib. Bu qərardan da apelyasiya şikayəti verilib”, – deyə mənbə bildirib.
Məlumata görə, bu, Xəzərin sahilinin hasarlanmasına görə Y.Qədimbəyliyə verilən ilk cəza deyil. Onun haqqında bundan öncə də eyni əmələ görə cəza qərarı çıxarılıb: “Əvvəlki qərar da inzibati qaydada cəzalandırılması olub. Təxminən bir il əvvəl çıxarılıb”.
Xatırladaq ki, eyni əmələ görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Y. Qədimbəylini cərimə edib.