İyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərindən MilliYol.Az-a verilən birgə məlumatda qeyd olunur ki, nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Bakı şəhərindən FHN-in helikopterləri vasitəsi ilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimlər Şəki rayonuna göndərilib. Eyni zamanda baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar, Ekalogiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40 , FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.
Hadisənin baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.