Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib.
MilliYol.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.
V.Bayramov qeyd edib ki, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər:
“Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq bir faiz ödəməlidir. Məsələn, 500 əsginaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir”.
Onun sözlərinə görə, bankların tədavüldə istifadəsi davam edən əsginas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə gəlir əldə etmək maraqlandırır:
“Halbuki bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komissiya haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır.
Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.
V.Bayramov Avropa Mərkəzi Bankının 4 may 2016-cı ildə 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qəbul etdiyi qərara da diqqət çəkib:
“Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən, banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi, onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.
Avropa Mərkəzi Bankının, hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.