Azərbaycanda həyata keçirilən kompleks islahatlar nəticəsində təkcə bu ilin 5 ayı ərzində 30 milyard 608,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib.
MilliYol.Az xəbər verir ki, “Azərbaycan” qəzetinin yazdığına görə, ÜDM-nin 46 faizi sənayenin, 9,9 faizi ticarət, 14, 4 faizi digər sahələrin payına düşüb. Ölkənin qeyri-neft ixracı 17,8 faiz artıb. Bu müddət ərzində ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edir.
Xarici ticarət balansının müsbət saldosu 1,34 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 47 milyard dollara yaxın yüksəlib.
Qəzet yazır ki, ölkədə işgüzar sferanın əlverişliliyi, aparılan islahatların müsbət nəticələri nüfuzlu beynəlxalq təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda ölkəmiz 10 göstəricidən 8-i üzrə irəliləyib. Misal üçün, "Biznesə başlama” göstəricisi üzrə 9 pillə irəliləyərək 9-cu pilləyə, "Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 8 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib.
Regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək məqsədi ilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı, yəni dördüncü dövlət proqramını təsdiqləyib. Artıq proqramın icrası çərçivəsində bu il regionlarda 3 məktəb, 5 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 2 mədəniyyət obyekti və 1 olimpiya idman kompleksi istifadəyə verilib.
“Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır” yazan rəsmi qəzet qeyd edir ki, qazanılan uğurlar bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımlarının, ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.
“Elə bir ikinci ölkə tapılmaz ki, 4 ay ərzində 2 dəfə maaşların, minimum pensiya və əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalansın”.
“Əhalinin sosial rifahının yüksəlməsi ilə bağlı Prezident iyunun 18-də bu istiqamətdə 17 sərəncam imzaladı. Bu sərəncamlar bu məsələnin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdi”.
Məqalədə bildirilir ki, sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir.
Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılacaq.
Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verəcək. Beləliklə, oktyabr ayının 1-dən etibarən minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata, pensiyaların minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq.
“Bu artımlardan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaq. Göründüyü kimi, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur”.
Qəzet yazır ki, 2019-cu ilin qalan dövrü ərzində daha böyük sosial-iqtisadi uğurların şahidi olacağıq. Elə dövlət başçısı da bu ili dəyərləndirərkən demişdi ki, əgər 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə yazılacaq.