Xəbər verildiyi kimi, Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yenidən yanğın baş verib. AFN-ə etibarlı mənbələrdən verilən məlumata görə, yanğın yenə cərəyan transformatorunda başlayıb və ötən ilkindən daha güclü olub. Ötən ilki qəzadan keçən müddət ərzində əks-qəza avtomatika sisteminin təkmilləşdirilməsi, daha doğrusu, tamamən yenidən qurulması sayəsində yanğının bütün təchizat sistemində dayanmaya səbəb olmasına imkan verilməyib.
Xatırladaq ki, ötən il iyulun 3-də “Azərbaycan” İES-dəki yanğın nəticəsində Azərbaycanın 75 faizdən yuxarı hissəsi bir neçə saat ərzində enerjisiz qalıb. Qəzadan sonra prezidentin tapşırığı ilə xüsusi dövlət komissiyası yaradılıb. Komissiyanın rəyi əsasında “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad olunub, yerinə “Azərişıq” ASC-nin prezidenti Baba Razayev təyin edilib. Dövlət komissiyası, həmçinin Energetika Nazirliyinin dəstəyi və xarici mütəxəssislərin iştirakı ilə xüsusi reabilitasiya proqramı hazırlanıb. Üç illik dövrü əhatə edən proqramın maliyyə tutumu açıqlanmasa da, onun nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsi üçün ötən il ərzində “Azərenerji” ASC-yə 140 milyon manat vəsait ayrılıb. Bundan əlavə, enerji istehsalı müəssisələrinə qazın hər 1000 kubmetri 120 manata satılır. Ötən il dövlət xaricdən alınaraq bu müəssisələrə ucuz qiymətə verilən qaza görə SOCAR-a 300 milyon manat əlavə vəsait ayırıb.
Qeyd edək ki, Azərbaycanda təbii qazda olduğu kimi, elektrik enerjisi istehsalı, ötürülməsi və paylanması dövlətin nəzarətindədir. Dövlət həm enerji istehsalının artırılmasına, həm ötürücü sistemin, həm paylayıcı şəbəkələrin gücləndirilməsinə irihəcmli vəsaitlər sərf edir. Bundan əlavə, enerji istehsalı müəssisələrinin tikintisinə, ötürmə və paylama şəbəkələrinin təkmilləşdirilməsinə xaricdən alınan böyük həcmli kreditlərə dövlər zəmanəti verilir. Məsələn, “Şimal” elektrik stansiyasının yenidən qurulması və istehsal gücünün artırılması üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı da daxil olmaqla bir neçə donordan götürülmüş 270 milyon ABŞ dolları məbləğində olan borcun ödənmə müddəti 2017-ci ilin əvvəlindən başlayıb. Bundan başqa, “Azərenerji” “Sumqayıt” İES və “Cənub” elektrik stansiyaları üçün Avropanın “Bayerische Landesbank”, “Societe Generale” və “Credit Suisse” banklarının konsorsiumundan 300 milyon avro, İslam İnkişaf Bankından 134 milyon avro, Abu-Dabi Fondundan 60.7 milyon ABŞ dolları məbləğində kreditlər götürüb. Avropa Yenidənqurma və İnkişaf Bankından alınmış 207 milyon ABŞ dolları isə Mingəçevirdə qəza başverən “Azərbaycan” İES-in yenidənqurulması üçün nəzərdə tutulmuşdu.
Bu vəsaitin mühüm bir hissəsi – 58 milyon dolları məhz qəza zamanı sistem açılmalarının qarşısını alacaq, enerji paylama sistemində müasir və avtomatik idarəetmə qurmağa yönəldilib.
SCADA adlanan bu sistemin qurulmasına 47 milyon dollar Dünya Bankından, 8 milyon dollar Azərbaycan hökumətindən, 3 miilyon dollar isə Almaniyanın KfW bankından alınan vəsait xərclənib.
58 milyona reallaşdırılan layihə və çökən sistem
2007-ci ildə ölkə mətbuatına “Azərenerji” rəhbərliyi tərəfindən təqdim edilən məlumatda müasir dispetçer idarəetmə sisteminin yaradılması layihəsinin birinci mərhələsinin başa çatdığı qeyd olunub. Layihənin bu mərhələsi KfW bankının 2,5 milyon avro məbləğində vəsaiti hesabına Almaniyanın “Siemens” şirkəti tərəfindən yerinə yetirilib.
Üstündən 3 il keçəndən sonra 2010-cu ildə ASC-dən verilən məlumatda SKADA/EMS layihəsi üzrə işləri ilin sonunadək başa çatdırılacağı bildirilir. Eyni zamanda aydın olur ki, ikinci mərhələdə işlər naməlum səbəblərdən Fransanın “Areva” şirkətinə həvalə edilib.
Düz, doqquz ildən sonra – 2018-ci ilin iyulunda “Azərbaycan” İES-də baş verən yanğın bütün sistemi çökdürdü. Məlum oldu ki, 58 milyon dollara başa gələn SCADA sistemi faktiki olaraq işləmir. Daha sonra isə Baba Rzayev real vəziyyəti açıqlayaraq bildirdi ki, enerji sektorunu avtomatik rejimdə, real vaxtda idarəetməyə imkan verməli olan bu sistem qarşıya qoyulan tələblərə cavab vermir, update mümkün deyil, bir sözlə, tamamən yenidən qurulmalıdır. Dünya Bankının layihəsində 3 dispetçer məntəqəsi nəzərdə tutulsa da, məlum oldu ki, yalnız ortabab səviyyədə birisi var və o da real vaxt rejimində enerji sistemini idarə etməyə imkan vermir.
Yuxarıda qeyd etdik ki, iyul qəzasından sonra enerji sistemi ilə bağlı reabilitasiya proqramı hazırlanıb, həyata keçirilməsinə başlanıb. Proqram çərçivəsində həm də bütün enerji sektorunun real vaxtda avtomatik olaraq idarə edilməsi, distepçer idarəetmə mərkəzlərinin yenidən yaradılması, yeni texnologiya əsasında əks-qəza avtomatikasının qurulması nəzərdə tutlub. Yəni yeni rəhbərlik tərəfindən yeni SCADA qurulur.
Yeni SCADA 30 elektrik stansiyasını və 150-yə yaxın yarımstansiyanı əhatə etməlidir. Yeni sistem elektrik enerjisinin istehsalının və ötürülməsinin müasir texnoloji səviyyədə həyata keçirilməsinə imkan yaratmalı, qonşu ölkələrin uyğun sistemlərinə inteqarsiya olunmalıdır.
Bu ilin fevralında verilən məlumata görə, yeni sistemin qurulması işində xarici məsləhətçi şirkət də iştirak edir. Maraqlıdır ki, bu şirkətin adı açıqlanmır, sadəcə, yeni sistemin 1 il ərzində qurulacağı gözlənilir.
Beləliklə, uzun illər boyu “Azərenerji”də dövlət və kredit vəsaitlərinin dağıdılması barədə ölkə mətbuatının yazdıqları yavaş-yavaş təsdiqini tapmaqdadır. İndiyədək ASC-nin sabiq rəhbərinin müxtəlif şirkətlərə sahib olması, geniş biznes şəbəkəsi qurmasına dair onlarla, bəlkə də yüzlərlə faktlar açıqlanıb. Bu biznesin hansı mənbələr hesabına qurulduğu göz önündədir.
Qeyri-şəffaf tenderlər kimin maraqlarına xidmət edir?
E.Pirverdiyevin üzünə bulaşdırdığı işləri indi B.Rzayev görməlidir. Lakin məsələ burasındadır ki, “Azərişıq”a rəhbərliyi dövründə onun da ailə biznesinin çiçəkləndiyinə dair faktlar ictimailəşdirilib. Belə ki, 2012-ci ildə açıqlanan məlumata görə, “Santral Elektrik LTD” şirkətinin səhmlərinin rəsmi sənədlər üzərində 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsus olub. “Santral Elektrik LTD” Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. İndi “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
“Azadlıq Radiosu”nun araşdırmaları nəticəsində məlum olub ki, ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.
Baba Rzayev “Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb: “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir.
“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin işləri arasında Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırılması kimi sifarişlər var.
2003-cü ildə yaradılmış “Göknur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə “Handa Group”dur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan – “Bakıelektrikşəbəkə”dən alıb”.
İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev “Bakelektrikşəbəkə” sədrliyindən əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir. “Bakelektro” dövlət qurumlarından saysız-hesabsız sifarişlər alıb. Bu sifarişçilər arasında “Bakıelektrikşəbəkə” xüsusi yer tutur.
Yeri gəlmişkən, B.Rzayev kifayət qədər qapalılığı sevən məmurdur. Onun “Bakıelektrikşəbəkə”yə, ardınca “Azərişıq”a rəhbərliyi dövründə hər iki qurum tərəfindən keçirilən tenderlər şəffaf olmayıb. Halbuki bu tenderlər yüz milyon manatlarla dövlət və kredit vəsaitlərini əhatə edib. Kreditlərin də dövlət zəmanəti ilə alındığını nəzərə alsaq, bütün alqı-satqıların şəffaf keçirilməsinin, prosesdə hesabatlılığın təmin olunmasının qanunun tələbi olduğunu deyə bilərik.
Göründüyü kimi, B.Rzayev “Azərenerji”nin əvvəlki prezidentindən heç də geri qalmayan reputasiyaya malikdir. Bu halda, onun rəhbərliyində ASC-nin qarşısına qoyulan hədəflərə çatmaq mümkün olacaqmı? Bu hədəflər kifayət qədər ambisiyalıdır və Azərbaycanın enerji istehsalı və ötürülməsi sisteminin ən müasir səviyyəyə çatdırılmasını nəzərdə tutur.
“Azərişıq”ın üç “müştərisi” var
Bu il mayın 29-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla bir il müddətində “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini hazırlayacaq. Nazirlik həmçinin 3 ay ərzində elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı, 6 ay müddətində İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə, 4 ay müddətində bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair, 6 ay ərzində ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini hazırlayaraq prezidentə təqdim edəcək. Bütün bu işlərə beynəlxalq məsləhətçilər də cəlb olunacaq.
Əldə etdiyimiz məlumata görə, bu qədər həssas məqamda ölkədə enerji istehsalı və ötürülməsini həyata keçirən quruma rəhbərlik edən B.Rzayevin başqa bir qurumda “gözü var”. Belə ki, onun hazırda əsas diqqəti “Azərişıq”ın yenidən “Azərenerji”yə tabe etdirilməsinə yönəlib. İndiyədək “Azərişıq”a rəhbər təyinatının yubanmasının da bununla bağlı olduğu bildirilir. Maraqlı burasıdır ki, “Azərişıq”a göz qoyan təkcə B.Rzayev deyil. Bakı Metropoliteninin rəhbəri Zaur Hüseynovun və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (bu ilin yanvarında prezident fərmanı ilə ləğv edilib-red.) rəhbəri Akim Bədəlovun da cidd-cəhdlə bu ASC-nin rəhbəri kreslosuna oturmağa hazırlaşdığına dair məlumatlar dolaşmaqdadır. Necə deyərlər, bir kresloya üç iddiaçı var, görək kimə nəsib olacaq.
Mənbə: AFN.az