Bu gün keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun məhkəməsi keçirilməli idi.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən proses bu gün də baş tutumayıb.
Məhkəmədə iştirak etmək üçün gələn şəxslərə prosesin saat 11-də başlanacağı və hər kəsin çağırılacağı bildirilsə də, yarım saatlıq gecikmədən sonra dustaq V.Məmmədovun məhkəməyə gətirilmədiyi bildirilib. Buna görə də proses növbəti dəfə təxirə düşüb.
V. Mahmudovun məhkəmə prosesi iki aydır təxirə düşür. Sonuncu dəfə mayın 1-də baş tutan hazırlıq iclasından sonra heç bir məhkəmə iclası baş tutmayıb. Sabiq nazirin əmisi oğlu açıqlanmayan səbəblərdən məhkəməyə etap olunmur. Onun yaxınları bildiriblər ki, Mahmudovun səhhəti normaldır və Müalicə Müəssisəsində saxlanılmır. Bu günkü məhkəmə iclası da təxirə düşüb və növbəti iclas iyulun 22-nə təyin edilib.
V.Mahmudov mənimsəmədə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələrinin bir neçə bəndi üzrə ittiham olunur.