"Vimm-Bill-Dann" şirkətinin gürcü əsilli təsisçisi David Yakobaşvili, xüsusilə də Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Moskvada ona məxsus muzeydə aparılan axtarışlardan sonra Rusiyaya qayıtmaq niyyətində deyil. Onun şəxsi kolleksiyalardan ibarət "Sobranie" muzeyində axtarış iyunun 18-də aparılıb. Yakobaşvili özü həmin gün BMT-nin Cenevrədə keçirilən forumunda olub.
Ehtimala görə, istintaq hərəkətləri FTX tərəfindən Yakobaşvilinin keçmiş biznes tərəfdaşı Boris Minaxinin şikayəti əsasında açılmış cinayət işi ilə bağlıdır. O, iş adamını Yeysk liman elevatorunun vəsaitlərini mənimsəməkdə ittiham edir.
"Report" BBC-yə istinadən xəbər verir ki, Yakobaşvili axtarışlardan sonra məsələyə aydınlıq gətirilməyincə, Rusiyaya getməyi planlaşdırmadığını bildirib.
Monako Krallığında yaşayan iş adamının Rusiyada onsuz da az-az olduğu qeyd olunur.
"Adekvat olmayan hadisələr baş verir. Mən Rusiyada fəal işlə məşğul deyiləm, təkcə muzeydir, o da özü özünü idarə edir", - deyə BBC iyunun 24-də onun sözlərini sitat gətirib.
Sonradan biznesmen dediklərinə aydınlıq gətirib. Yakobaşvili bildirib ki, o, axtarış aparılmamışdan əvvəl də Rusiyaya getmək fikrində olmayıb.
"Lakin mən heç yana qaçmamışam. Təhlükə hiss edəndə və qaçanda, xəbər edəcəyəm", - deyə RBK Yakobaşvilinin söylədiklərini sitat gətirib.
David Yakobaşvili "Forbes" jurnalının Rusiya reytinqində 750 milyon dollar məbləğində sərvətlə 145-ci yerdə qərarlaşıb. 2017-ci ildə o, Afrikada metal ticarəti ilə məşğul olan iki şirkətdə pay sahibi olub. 2018-ci ildə Pavel Durovun "Telegram" messencerinə 10 milyon dollar yatırım edib.