“Mətbuatda Akif Çovdarovun cinayət işi üzrə bəzi epizodların ittiham aktına istinadən yayılması doğru deyil. Bu məlmatlar yalnız ittihamedici xarakterlidir və bu da ictimaiyyətin fikrini yanlış yönləndirir. Bütün məlumatlar ittihamedici səpkidə yazılır. Buna görə də, biz hesab edirik ki, ittiham aktında qeyd edilənlər istintaqın haqsız mövqeyidir”.
Bunu musavat.com-a açıqlamasında Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadələri əsasında ittiham aktına istinadən mətbuatda dərc edilən silsilə yazılara münasibət bildirərkən vəkil Kamandar Nəsibov deyib.
Çovdarovun vəkili deyir ki, ittiham aktında qeyd edilnlərin əksəriyyəti qərəzlidir: “Müdafiə tərəfi olaraq hesab edirik ki, istintaqın tərtib etdiyi ittiham aktının 95 faizi həqiqətə uyğun deyil. İttiham aktında yer alan məsələlərlə bağlı qeyd olunmayan xeyli sayda məlumatlar var. Həmin məlumatlar isə, istintaq materiallarındadır. Bu cür yazılar yazılarkən yalnız ittiham aktına istinad etmək qərəzli yanaşmadır.
İttiham aktını tərtib edən müstəntiq yalnız ittiham edən tərəfin dediyi cümlələri, fikirləri qeyd edir. Ancaq həmin ittihamların əsassız olduğunu sübut edən məlumatlar, materiallar istintaq materiallarında yer alır. Ancaq ittihamedici məlumatları yaymaqla cəmiyyətdə belə bir fikir formalaşdırılır ki, Akif Çovdarov bütün bu əməlləri törədib. Yazılanlar iş materialları ilə öz təsdiqini tapmırsa, bu cür yazılar təbii ki, böhtan xarakteri daşıyır”.
Kamandar Nəsibov “Akif Çovdarov işi”ndə zərərçəkmiş kimi tanınan şəxslərin irəli sürdüyü ittihamların həqiqət olmadığını sübut edəcək faktların olduğunu və məhkəmə istintaqı zamanı həmin sənədləri təqdim edəcəklərini də deyir: “Hər bir kəsə müdafiə hüquq verirlər. Hələ ittiham olunan şəxsin özünü müdafiə etmədiyi halda, məhkəmədə irəli sürülən ittihamların öz təsdiqini tapmadığı halda isə, belə yazılar dərc etmək doğru deyil. Bəlkə, bu ittihamlar öz əksini tapmayacaq. Təbii ki, biz bilirik ki, bu yazılar sifarişlidir.
Bir misal çəkə bilərəm. Çovdarova qarşı irəli sürülən epizodlardan birində zərərçəkmiş kimi tanınan şəxs ümumiyyətlə ifadə verməyib. Həmin şəxsi virtual olaraq tanıyıblar. İş materiallarında akt var ki, guya müstəntiq zəng vurub və həmin şəxslə danışıb. Həmin şəxs də Rusiyanın vilayətlərindən birində olub. Guya həmin şəxsdən telefon vasitəsi ilə izahat alınıb. Xəttin digər tərəfində olan şəxs də, müstəntiqin dediklərini təsdiqləyib. Həmin epizodla bağlı izahatın yerinə bu danışıq qeyd edilib. Ardınca da guya ki, müstəntiq həmin şəxsin şikayətini icraata götürüb. Şikayəti də elektron poçtla göndərib. Müstəntiq də bildirişi elektron poçt vasitəsi ilə göndərib. Şikayət daxil olmamış həmin şikayət üzrə necə araşdırma aparıla bilər? Bununla da Azərbaycanda ibtidai istintaqda anoloqu olmayan istintaq hərəkətləri aparılır. Telefonla şikayət alınır, izahat yazılır. Sonda da qeyd edilir ki, guya həmin şəxsin zərərçəkmiş kimi tanınması ilə bağlı qərarı da onun özünə göndəriblər.Biz təbii ki, buna etiraz edirik. İndi biz hardan bilək ki, xəttin digər tərəfində suallara cavab verən şəxs kimdir. Mən niyə müstəntiqə inanmalıyam? Müstəntiq ittiham tərəfidir.
Və həm də qrəzlidir. Telefonla danışdıqları şəxsin şəxsiyyətini necə müəyyənləşdirdilər?
Həmin elektron poçt adresinin o şəxsə aid olması necə müəyyənləşdirildi? Bəlkə heç həmin şəxs yoxdur. İş materiallarında olan əksər ərizələrin necə əldə edildiyi məlum deyil. Nə dəftərxana vasitəsi ilə daxil olub, nə də zərfi var, biləsən ki, poçtla haradan daxil olub. Özbaşına ərizə iş materiallarına necə daxil ola bilər? Bu da birbaşa qərəzli yanaşmadır”.
Vəkil Kamandar Nəsibov sabiq MTN rəisi olmuş və “Çovdarov işi”ndə zərərçəkmiş kimi tanınmış İlqar Aşurbəyov epizodu ilə bağlı da danışıb.
O, bildirdi ki, İ.Aşurbəyov istintaqa ifadəsində Çovdarov tərəfindən işdən çıxarıldığını deyib. Lakin DTX-dan alınan rəsmi məlumatda görə isə, onun könüllü olaraq vəzifədən kənarlaşdığı qeyd edilir:
“Aşurbəyovun işi ilə bağlı Dövlət Təhülkəsizlik Xidmətindən məktub almışıq. İlqar Aşurbəyov 20 iyul 2007-ci ildən MTN-nin Transmili Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin 4-cü idarəsində xidmət edib, 19 mart 2009-cu ildə həmin vəzifədən azad edilərək, sərəncama göndərilib. Baş əməliyyat müvəkkili vəzifəsində xidmət edib. Sonra öz arzusu ilə ehtiyata buraxılıb. Aşurbəyov MTN-də idarə rəisi işləyib. Nazirə birbaşa çıxışı olan şəxs olub. Və həmin idarədə kimsə ondan pul istəyir. Necə ola bilər ki, nazirə birbaşa çıxışı olan şəxs bu barədə ona məlumat vermir? Bu hərəkətin heç bir halda məntiqi izahı yoxdur. Aşurbəyovun qeyd etdiklərinə görə, Akif Çovdarov ondan MTN-də işlədiyi zaman pul alıb.
Akif Çovdarovun köməkçisi Rövşən Ədilovun ittiham aktındakı ifadəsində qeyd edilir ki, o, Aşurbəyovdan içində pul olduğunu düşündüyü paket alıb. Ancaq sonradan Rövşən Ədilovun istintaqa yazdığı məktub qeyd edir ki, üzləşdirmə zamanı Aşurbəyov onu təhqir edib, hədə-qorxu gəlib. Rövşən yazır ki, həmin vaxt həqiqətə uyğun olmayan sözlər deyib. Hətta Röşən Ədliov Rüstəm Usubova da bu barədə məktubla müraciət edib. O, ifadəsindən imtina etdiyini və ümumiyyətlə Aşurbəyovla heç bir zaman görüşmədiyini söyləyib”.
Akif Çovdarovun ən çox adı hallandığı epizodlardan biri olan “Vosmoy bazarı işi” barədə də danışan vəkil, tərəflərin ziddiyyətli fikirlər səsənləndirdiyini deyir: ““Vosmoy” bazarı epizodu ilə bağlı da ziddiyyətlət var. İndi şikayətçi olan Səfərov qardaşları bazarın 6 milyon qiyməti olduğunu və əllərindən alındığını bildirirlər. Ancaq onlar izahatlarında yazıblar ki, bazarı 240 min dollara alıblar. Necə oldu ki, 240 min dollarlıq bazar bir neçə ilə 6 milyona qalxdı? Bazar Çingiz Əsədov tərəfindən Səfərov qardaşlarının qanunsuz sahibliyindən geri alınanda bərbad vəziyyətdə idi. Lakin bundan sonra bazar Akif Çovdarovun kürəkəni, Hilal Əsədovun qaynatası Ənvər və Elşən adlı şəxslər tərəfindən alınaraq, təmir edilib, səliqə-səhmana salınıb, bazarı yenidən tikilib”.
Vəkil iddia edir ki, Akif Çovdarovun adının mətbuatda tez-tez halandırılmasının məqsədi gündəmdən yavaş-yavaş çıxan sabiq nazir Eldar Mahmudovun üzərinə diqqət çəkməkdir: “Eldar Mahmudovun həbs olunmasını arzulayanlar Akif Çovdarov haqda mətbuatda məlumatlar yazdırırlar. Fikir verirsinizsə, Akif Çovdarovun adı daha çox sabiq nazirlə birlikdə çəkilir. Həmin şəxslərin belə bir arzusu var ki, Eldar Mahmudov da müttəhimlər kürsüsündə əyləşsin. MTN işində bütün baş verənləri fırladıb, Akif Çovdarovun üzərinə gətirirlər. Halbuki həmin iş üzrə tutulan ləğv olunmuş MTN-nin digər vəzifəli şəxsləri də var, ancaq nədənsə onların haqqında bir kəlmə belə yazılmır. Mən həmin şəxslərin barəsində hansısa yazının dərc edilməsinin marağında deyiləm, sadəcə bu fakt onu sübut edir ki, Akif Çovdarovun barəsində dərc edilən aramsız yazılar sifariş əsasında yerinə yetirilir. Ancaq cəmiyyət artıq belə yazılara təəcüblənmir və əhəmiyyətsiz bir şey kimi baxır. Bunlar köhnəlmiş və təsirini itirmiş metodlardı”.
Kamandar Nəsibovun açıqlaması zamanı məlum olub ki, “Akif Çovdarov işi” ilə bağlı maddi zərərçəkmişlərlə yanaşı yalnız mənəvi zərərçəkmiş şəxslər də var. Onların da adı ittiham aktında zərərçəkmiş şəxs kimi göstərilib: “İstintaqda biz onu da gördük ki, bəzi şəxslərə guya birbaşa mənəvi ziyan dəyib. Biz məhkəmələrdə mülki zərərlə bağlı dəymiş zərərin təmin olunmasına nail ola bilmirik. Ancaq bu cinayət işində gördük ki, bəzi şəxslərə sən demə mənəvi zərər dəyibmiş. Buna görə də, Akif Çovdarova cinayət işi açılıb. Bu cür 15 nəfər zərərçəkmiş var. Bunlar da zərərçəkmişlərin sayını artırmaq niyyəti daşıyır”.
MilliYol.Az
Digər xəbərlər
loading...