Münasibətlərinizi xilas etmək üçün cinsəllikdən yararlanmayın
Bəzən cütlüklər anlaşa bilmədikləri üçün evliliklərini bitirmək istəyirlər. Mütəxəssislər belə zamanlarda problemi söhbət edərək həll etməyin tərəfdarıdırlar. Bəzən isə dialoq yerini cinsəlliyə verir. Cütlüklərdən biri ayrılmaq istəmirsə, qarşı tərəfi özünə bağlamaq üçün problemi yataq otağında həll etməyə çalışır. Bəs bu, nə dərəcədə doğru bir davranışdır?
MilliYol.Az lent.az-a istinadən türkiyəli psixoloq Nesteren Gazioğlunun münasibətlərdə cinsəllik və onun cütlüklər arasındakı əhəmiyyəti haqqında fikirlərini təqdim edir.
Münasibətləri bir masaya bənzədən psixoloq deyir ki, bu masanın tarazlıqda dayanması üçün möhkəm ayaqlara ehtiyacı var. Bu ayaqların adı sevgi, güvən, ehtiras və hörmətdir. Cinsəlliyi də bu masanın üzərinə qoyduğumuz bir süfrə kimi düşünə bilərik. Əgər ayaqlar tarazlıqda dayanıbsa, süfrə masaya həm funksionallıq, həm də vizual zənginlik qatır. Ancaq masanın ayaqlarından biri olmasa, süfrə onun üstündən sürüşüb düşər: “Cinsi fəaliyyət çatışmazlığının cütlüklər arasında problem yaradıb-yaratmaması sualına cavab vermək olduqca çətindir. Bəli, cinsi həyat və doyum əskikliyi problem yaradır, ancaq fiziki narahatlıqdan dolayı cinsi həyatı omayan cütlüklərdə də ehtiraslı, coşğulu münasibət görmək olar. Bəlkə masanın üzərində süfrə yoxdur, lakin çiçək və ya bənzəri başqa dəyərlərlə bəzənər. Düzdür, “problem yaratmaz”, - deyə bilmərik. Çünki cinsi ehtiyaclar da fərdin təməl ehtiyacları arasındadır”.
Psixoloq cinsi həyatda yaşanan problemlərin münasibətin bitməsinə səbəb olub-olmayacağı sualına da aydınlıq gətirib. Zamanla münasibətlərin bitmə səbəbi kimi cinsəlliyin olmaması və ya kifayət qədər olmaması, yaxud həddindən artıqlığı göstərilsə də, əslində daha dərin qatlarda yatan problemlər var. Eynilə xəyanət kimi: “Aldatmadan əvvəl münasibətlərin dərin qatlarında başlayan müxtəlif çətinliklər olur. Məsələn, bədənimizə bir virus düşəndə baş ağrısı və ya ürək bulanma kimi müxtəlif simptomlar müşahidə edilir. İnsan dərman ataraq, baş ağrısını aradan qaldırsa da, virus bədəndə qalır. Bir müddət sonra da başqa simptomla özünü göstərir. Cinsi həyatdakı problemlər də münasibətin bitməsində yalnız bir simptomdur. Alt qatda yatan səbəbi tapıb ortaya çıxarmaq lazımdır”.
Bəs bitməyə doğru gedən münasibəti qurtarmaq üçün cinsəllikdən istifadə etmək doğrudurmu? Psixoloq bildirir ki, əvvəla, bu əlaqədə problem yaradan “virusu” tapmaq lazımdır. Oraya nə zaman və necə düşdüyünü bilmək əhəmiyyət daşıyır. Bunlar fərdlərdən birinin uşaqlığından gələn bitməmiş məsələlər də ola bilər, münasibət qurarkən yarananlar da. Qısası, münasibəti qurtarmaq üçün cinsəlliyi istifadə etmək əvəzinə, əvvəl bitməmiş məsələlərə yönəlmək daha uyğun bir variantdır.
Bitməmiş məsələlərin təmizlənməsi qarşılıqlı ünsiyyət və anlayışla reallaşır. Əgər cütlük sağlam ünsiyyət qura bilirsə, həllə çatmaq asanlaşır. Münasibət quraraq həll yolları tapmaq cütlükləri daha az incidər. Nəticə hər zaman münasibətin xilası və mükəmməlləşməsi ilə bitmir. Bəzən fərqli ehtiyacları olduğunu anlamaq və yeni yollar cızaraq, bir-birini azad etmək də lazımdır.
Psixoloq deyir ki, münasibətlərə baxdıqda iki tərəfin də məsuliyyət sahibi olduğunu unutmaq olmaz: “Bir kişi tək özü romantik əlaqəni cinsi birlikdəliyə çevirə bilməz. Qadının da bunu arzulaması, istəməsi vacibdir. Ancaq qadın “fərqində deyildim, məni istifadə etdi” kimi cümlələr işlədərsə, yenə öz bitməmiş məsələləri və həyatına baxması vacibdir. Çünki bəlkə də o, təkcə münasibətdə aldanmayıb. Kişilər və qadınlarla bağlı aparılan bir çox araşdırma var. Hər iki cinsin də, ehtiyaclarının da, cinsi oyanmalarının da fərqli olduğunu bilmək, bu həqiqəti qəbul etmək lazımdır”.
Seksi vasitə olaraq istifadə edib, tərəf müqabili ilə münasibətini düzəldən bir qadın sonra buna görə günah hissi keçirirmi? Özünü cinsi obyekt olaraq istifadə etdiyi üçünr daxilində sorğu-sual edirmi? Bu zaman isə mütəxəssis yenə münasibəti təmsil edən masanı və ayaqlarda müxtəlif problemlər olduğunu yada salır: “Zamanla ayaqların biri qısa qalır və ya hər an biri qopacaq kimi olur. Əgər mən həqiqəti görməzdən gəlsəm və bunu ən gözəl süfrələrlə bəzəsəm, bəli, möhtəşəm bir süfrə mənzərəsi yaranar. Masa da çox gözəl vizual görünüş alar. Lakin fikriniz hər zaman aşağıda gizlətdiyiniz narahatlıqda qalacaq. Yaxşı, bir gün süfrə örtməyi unutsam, nə olacaq? Bu zaman davamlı olaraq süfrə haqqında düşünərsiniz. Bu insanda narahatlıq yeganə olaraq masanın görünüşü olacaq. Artıq süfrə sanki hər şeydən vacib mərhələyə keçəcək. Bax, daxili hesablaşma budur. Həqiqətlə təqdim edilən arasındakı fərq! İkisi bir-birindən fərqlidirsə, əlbəttə, bir gün papaq düşər və keçəl görünər”.
MilliYol.Az
Digər xəbərlər
loading...