Ceyhun Osmanlı
İstanbulda keçirilən Bələdiyyə seçkilərində niyə görə hakimiyyətdə olan Akparti öncəki seçimlər qədər qələbəsini rahatlıqla təmin edə bilmədi? Bu dəfə fərqli olan nə baş verdi? Əvvəllər mövcud olan hansı dəstək var idi ki, bu dəfə o faktordan Akparti tam olaraq istifadə edə bilmədi? Bu suallara 10 cavabı təqdim edək:
1. Akparti islami mövzularda duyarlı insanların geniş dəstəyindən istifadə edirdi. Əkrəm İmamoğlunun dini mövzularda geniş bilgiləri və hətta islami duyarlılığının heç də Binəli Yıldırımdan geri qalmadığını nümayiş edə bilməsi Akpartinin ümid etdiyi islami duyarlı insanların səsini böldü.
2. Akparti kürd faktorundan ciddi istifadə edirdi və bu dəfə əksinə olaraq kürdlərin ən populyar partiyası olan HDP İmamoğlunu dəstəkləyəcəyini bəyan etdi.
3. Akparti millətçilərin partiyası olan MHP ilə ittifaq içindədir. Ama 2 gün öncə PKK lideri Abdullah Öcalanın qardaşının TRT-yə çıxıb Binəli Yıldırımın mövqelərinin dəstəklənməsinə xidmət edən bəyanat verməsi illərdir PKK-ya nifrət hissi bəsləyən millətçi kəsimi qıcıqlandırmaya bilməzdi. Hətta 1 həftə öncə öncələr müxtəlif vəzifələr daşımış Ülkü Ocaqları Başqanları (türk millətçiləri) bir araya gələrək İmamoğlunu dəstəkləyən bəyanat verdilər. Öcalanın qardaşının TRT-yə çıxarılması məncə tarixi bir yanlışdır. Bu Yıldırımın rəqiblərinə şans yaradır ki, "PKK ilə bir masaya oturdunuz" antitezisindən istifadə etsinlər. Bu həm də Akpartinin müttəfiqi olan MHP-nin üzvlərini də ciddi düşündürəcək. Çünki bu MHP üzvlərinin baxışları ilə heç cür üst-üstə düşmür.
4. CHP Atatürkün qurduğu partiyadır. İmamoğlu da CHP-nin namizədidir. Son illər Atatürk sevdalıları arasında ciddi narahatçılıq var ki, Türkiyə Atatürk siyasətindən uzaqlaşır. Xüsusilə də insanlar həm islami, həm də dünyəvilik məsələsində həssas olan lider axtarışındadır. Ona görə də bir çox insanlar düşünür ki, İmamoğlu əsl müsəlmandır. Yəni obrazlı desək 1 əlində Quran, digər əlində texnologiya daşıya bilən insandır.
5. Çoxlarının qeyd etmədiyi amma çox önəmli olan bir qeydi də etmək istərdim. İllərdir müşahidələrim onu göstərir ki, Türkiyədə həm biznesdə, həm də siyasi həyatda Qara dəniz bölgəsinin insanları şəksiz liderdir. Onlar həm də prinsipial yanaşmaları ilə seçilir. Məhz Tayyip Erdoğanın Qara dəniz bölgəsi olan Rizeden olması onu illərdir o bölgə insanları arasında alternativsiz lider edirdi. Lakin İmamoğlunu Qara dəniz bölgəsinin ən böyük şəhəri olan Trabzondan olması Akpartinin o bölgədən olan dəstəyinin də parçalanmasına səbəb oldu və alternativsiz lider anlayışı gündəmdən çıxmış oldu.
6. Türkiyədə baş vermiş devalyasiya dalğası, iqtisadi çətinliklər də siyasi mənzərənin ciddi şəkildə etkilənməsinə səbəb olub. Ona görə də İmamoğlunun durmadan daha çox qənaət edərək, daha çox sosial layihələr etməklə bağlı tezisləri İstanbulluların ürəyincə olmaya bilməzdi.
7. İmamoğlu öncələr daha dar çevrələrdə tanınırdı. 1-ci seçimlərin nəticələrinin ləğv olunması indi onu həm Türkiyədə, həm də dünyada populyarlaşdırdı. Xüsusilə də sarsılmamaq, problemlərin üzərinə getmək, hər kəsin öz dilində danışa bilmək kimi xüsusiyyətləri onun populyarlığını artırdı.
8. İmamoğlu rəqibi Yıldırıma görə daha gəncdir. Keçirdiyi görüşlərin sayına görə rəqibini üstələyir. Amma Yıldırımın komandası da ciddi işləyir. Xüsusilə elektoratı yaxşı təhlil ediblər. Həmkarlar üzvlərindən motosikletçilərə qədər hər kəsə uyğun ayrı-ayrılıqda hədəfə yönəlmiş PR gedişləri var. Bunu deməmək ədalətsizlik olar. Xüsusilə motosikletli gəncə ilk tibbi yardım etmək kimi məsələlər...
9. Türkiyədə qütbləşmə dərinləşib. İnsanlar artıq düşmən yox, dost axtarmaq üçün yola çıxmaq istəyir. Sosioloji sorğular göstərir ki, daimi davam edən düşmən axtarışları ölkəni zəiflədir, iqtisadiyyatı geri salır. Ona görə də insanlar müsbət dəyişikliklər, yeniliklər arzusundadır. İmamoğlu isə olduqca yenilikçi, qucaqlayıcı, sevgi dolu mesajlar verir. Hətta Akparti seçicilərinə də qucaq açacağını bildirir. Provakasiyalara getmir. Üslübunda nifrət, kin yoxdur. Fərqliliyi təhdit kimi yox, zənginlik kimi görür və hər bir halda birliyin yaradılmasının mümkünlüyünə inanır və öz numunəsində bunu göstərir.
10. Sosial medianın gücü danılmazdır. İnsanlar artıq əvvəlki kimi tv izləmir, qəzet oxumur. Bunu İmamoğlu yaxşı anlayır ki, 21-ci əsrdə sosial medianın gücü danılmazdır. İmamoğlu tərəfdarları sosial media ilə tərəfdarlarına mesajlarını sürətlə çatdırır və baxış sayları artdıqca bu digər seqmentdən olan seçicilərin bir daha düşünməsinə səbəb olur. Binali bəyin iş təcrübəsi isə İmamoğluna nisbətən daha zəngindir. Binəli Yıldırım minlərlə projeyə birbaşa imza atmış şəxsdir. Yollar, aeroportlar, mobil rabitə xidmətləri, körpülər və s kimi çox qlobal layihələrin reallaşmasına birbaşa rəhbərlik edib nazir olduğu zamanlarda. Lakin indi öz gördüyü işləri sanki yetərincə ictimaiyyətə çatdıra bilmir. O əsasən klassik medianın dəstəyindən istifadə edir. İmamoğlu isə daha çox sosial mediada aktivdir. Youtube Türkiyə seqmenti İmamoğluna dəstək videoları ilə dolub daşır.