“Prezident İlham Əliyevin əməkhaqqlarının artımı ilə bağlı imzaladığı sərəncamlar aztəminatlı ailələrin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına çox ciddi kömək edəcək”.
MilliYol.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, dövlət sektorunda çalışanlarla yanaşı, özəl sektorda işləyənlərin də əməkhaqqının artırılması nəzərdə tutulur: “Prezident İlham Əliyevin sərəncamları ilə bu yaxınlarda ölkədə minimum əməkhaqqı, pensiya, dövlət qurumlarında çalışan işçilərin əməkhaqqıları artırılıb. Eyni zamanda bu yaxınlarda minimum pensiyanın həddinin müəyyən olunması ilə bağlı sərəncam imzalanacaq. 2019-cu ilin yarım ili ərzində minimum əməkhaqqı iki dəfə artırılıb. Ayrı-ayrı dövlət qurumlarında çalışan işçilərin əməkhaqqılarının, təxminən, 40 faiz artırılması barədə də sərəncamlar imzalanıb. Beləliklə, 100 minlərlə insanın əməkhaqqının bu sənədlərlə artırılması nəzərdə tutulub. Minimum əməkhaqqının artırılması vahid əməkhaqqı cədvəlinə uyğun olaraq, digər işçilərin də əməkhaqqılarında artımların olmasını avtomatik təmin edəcək və yüz minlərlə Azərbaycan vətəndaşının həyatını yaxşılaşdıra biləcək".
Baş Nazirin müavini vurğulayıb ki, Azərbaycanda həyata keçirilən islahatlar dövlət büdcəsinə vəsaitlərin artımını təmin edib: “Bunun nəticəsində Azərbaycan vətəndaşları üçün çox ciddi sosial paketlər qəbul edilib. Yaxın zamanlarda insanlar bu paketlərin faydasını görəcək. Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması bundan sonra da davam etdiriləcək. Ölkənin iqtisadi imkanları artdıqca, dövlət büdcəsinə daxil olan vəsaitlər artdıqca insanların rifahının yüksəldilməsi üçün addımlar atılacaq. Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatımızı gücləndirir. Bu ilin ilk aylarında Azərbaycanın Ümumi Daxili Məhsulu xeyli artıb, ölkənin maliyyə imkanları artıb. Azərbaycan vətəndaşları bu artımdan faydalanacaqlar. Azərbaycan hökumətinin vətəndaşların rifahının yüksəlməsindən başqa ali məqsədi yoxdur”.