Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Ağstafada baş vermiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıblar.
MilliYol.Az-a veriləm məlumatda bildirilir ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilova odlu silahla qətlə yetirilib, daha 3 nəfər isə ağır bədən xəsarətləri alıb.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla bu cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.
E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.
Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.