“Şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsi (DGK) büdcə daxilolmaları ilə bağlı proqnozu artıqlaması ilə yerinə yetirir, gömrük sistemində məmur-biznes təması 0-a endirilib”.
MilliYol.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
DGK rəsmisi həmçinin bildirib ki, Hesablama Palatası büdcənin icrası ilə bağlı rəyini parlamentə müzakirələrdən cəmi 1 gün əvvəl təqdim edib: “Odur ki, rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.
Millət vəkili Vahid Əhmədov da sözügedən məsələyə iradını bilirib: “Bir günə bu rəylə necə tanış olmaq olar?”
Deputat Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini də qeyd edib: “Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss etməmişəm. Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıblar. Danışanda elə danışmaq lazımdır ki, inandırıcı olsun”.