Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov “Şərq Tərəfdaşlığının” 10 illiyi ilə bağlı Brüsseldə keçirilmiş toplantının yekun bəyanatına ərazi bütövlüyü prinsipinin açıq dəstəklənməməsinə görə Bakının veto qoyduğu haqda xəbərləri “təxribat” adlandırıb
Səfir KİV-lərə açıqlamasında “Azadlıq” radiosunun Avropa xidməti tərəfindən yayılmış həmin xəbərlə bağlı deyib:
- Öncə qeyd etmək istərdim ki, bu məsələ Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovtərəfindən Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş yüksək səviyyəli konfrans zamanı ətraflı şəkildə cavablandırılıb.
Öz tərəfimdən bildirmək istərdim ki, bu məlumatlar tamamilə təxribat xarakteri daşıyır. Belə ki, Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş Xarici İşlər nazirlərinin görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdı. Habelə, Şərq Tərəfdaşlığının və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb. Qəbul edliləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb.
Azərbaycan yekun sənəd qəbul ediləcəyi təqdirdə, sözügedən bəyannamədə Avropa İttifaqının bütün üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin prinsipial məsələlərinin tam şəkildə əks etdirilməsinin tərəfdarı olub. Bu xüsusda, bütün Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib. Sadəcə sənədi müəyyən qədər qısaltmaq məqsədilə Şərq Tərəfdaşlığı dövlətlərinin Avropa İttifaqının institutları, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə müzakirələri zamanı əvvəlki sammitlərin sənədlərinə istinadlar olunması və bununla da sözügedən prinsiplərin sənəddə öz əksini tapması barədə razılıq əldə edilib.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Moqerini tərəfindən imzalanmış “sədrin yekun qeydləri” adlı sənəddə bütün əvvəlki sammitlərə istinadlar yer alır. Bir daha qeyd etmək istərdim ki, bütün Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır.
Sözügedən sənədlə bağlı Azərbaycan tərəfindən Gürcüstan və ya Ukrayna tərəfi ilə xüsusi müzakirələr aparılmayıb.Yekunda bəyannamə olmayan bu qısa sənədin “sədrin yekun qeydləri” kimi öz əksini tapması ilə bağlı razılıq əldə edilib.
Yuxarıda sadalanan faktlara rəğmən, Azərbaycanın “ərazi bütövlüyünün tanınmamasının” erməni mətbuatında canfəşanlıqla bayram edilməsi tamamilə gülünc bir məsələdir. Qarşı tərəf sənədi diqqətlə oxuyarsa, aydın şəkildə əvvəlki sammitlərdə qəbul edilmiş sənədlərə istinadları birmənalı şəkildə görə bilər.
Digər tərəfdən, 6 may tarixində Slovakiya Respublikasının sədrliyi ilə Vışeqrad Qrupunun Xarici İşlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşündən sonra Vışeqrad Qrupu ölkələri tərəfindən bəyanat verilmiş və bu bəyanatda bir daha, hər zaman olduğu kimi Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı şəkildə tanınmışdır. Siz bu məlumatı Slovakiya Respublikasının Xarici İşlər Nazirliyinin internet səhifəsindən də əldə edə bilərsiniz. Sual oluna bilər. Necə ola bilər ki, bir neçə gün öncə qəbul edilmiş sənəddə Avropaİttifaqının üzvü olan 4 dövlət– Polşa, Macarıstan, Çexiya və Slovakiya bunu açıq və konkret şəkildə bildirir?!
İlk dəfə deyil ki biz bu kimi təxribat xarakterli və yanlış məlumatlarla üzləşirik. Çünki ermənilərin bütün Avropa institutlarında və beynəlxalq platformalarda fəaliyyəti yalnız yalana və qısa müddətli təxribat xarakterli təsirlərə və yalançı köklərə əsaslanır.
Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın xarici siyasəti dövlətimizin milli maraqlarına və beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə hazırkı səfəri bu yanaşmanın ən bariz nümunəsidir. Məlum olduğu kimi, səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər keçirildi və hal-hazırda da Şərq Tərəfdaşlığı üzrə onun 10 illiyinə həsr olunmuş tədbirlər davam edir. Bildiyiniz kimi, Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş tədbirlərdə Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir və aparılan bütün müzakirələr zamanı ölkəmizin milli maraqlarına əsaslanan mövqeyi səsləndirilir.
* * *
Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb.
Virtualaz.org “Azadlıq” radiosunun Avropa xidmətinə istinadən xəbər verir ki, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.
Mənbələr bildiriblər ki, Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi dəstəklənmirdi.
Lakin bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb.
Bundan əlavə bəyannamənin mətninin müzakirələri zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən “Şərq tərəfaşlığı”ına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səyləri tanınmır. Bununla belə Tbilisi və Kiyev bəyannamədə “Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər.
Brüssel toplantısında Aİ üzvü olan və “Şərq tərəfdaşlığı”ına daxil olan ölkələrin xarici işlər nazirləri adından qəbul edilməsi nəzərdə tutulan, lakin təkcə Federiko Mogerini tərəfindən imzalanan yubiley bəyannaməsinin mətni ilə bu keçiddə tanış olmaq mümkündür: https://www.consilium.europa.eu/en/press/press-releases/2019/05/13/eastern-partnership-foreign-ministers-meeting-chair-s-conclusions-on-the-occasion-of-the-eastern-partnership-10th-anniversary/
MilliYol.az