Moskvanın “Şeremetyevo” hava limanında “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinin eniş zamanı yanması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
MilliYol.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Göyərtədə 78 sərnişin olub. Onlardan 41-i dünyasını dəyişib.
Qeyd edək ki, Moskvadan Murmanska uçan təyyarə göyə qalxdıqdan 28 dəqiqə sonra geri dönüb və sonra məcburi eniş edərkən alovlanıb.
Baş vermiş qəza ilə əlaqədar yalnız bir uçuş zolağının işləməsi əlaqədar olaraq Moskvadan "SU 1852" saylı təyyarə reysi xeyli gecikmə ilə Bakıya çatıb. "Aeroflot" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna səhər saat 07:18 radələrində eniş edib.
Aeroportun məlumatına görə, Şeremetyevodakı fövqəladə vəziyyətlə əlaqədar olaraq Moskvadan Bakıya uçmalı olan daha bir təyyarə reysində gecikmə olacaq. Bildirilir ki, Rusiyanın "Aeroflot" aviaşirkətinin "Boeing 737-800" tipli təyyarə ilə həyata keçirəcəyi birbaşa "SU 1854" saylı reysin bir saat gecikmə ilə 13:05-də havaya qalxması gözlənilir. Cədvələ görə təyyarə 17:15-də Bakıda olacaq.