“Son iki əsrdə Ermənistan Azərbaycana qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdür. Bu siyasətin nəticəsi olaraq Azərbaycanın iyirmi faiz torpaqlarını işğal etmişdir. Ermənistan monoetnik dövlətə çevilmişdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan tarixin bütün dönəmlərində öz multikultural dəyərlərinə sadiq qalmışdır. Təsadüfi deyildir ki, Azərbaycanda 80-dən çox etnosun nümayəndələri azərbaycanlılarla yanaşı yaşayır, həmçinin erməni mənşəli vətəndaşlarımız da var. Bütün bunlar, multikulturalizmin ən bariz nümunəsidir”.
"Report" xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, ölkədə 2500-dən çox məscid fəaliyyət göstərir. O qeyd edib ki, Azərbaycanda qeyri-müsəlman dini icmaların sayı 33-ə çatıb.