Dələduzluq yolu ilə vətəndaşların 3 milyona yaxın pulunu ələ keçirməkdə təqsirli bilinən qardaşlar hökmdən apellyasiya şikayəti veriblər.
MilliYol.Az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin şikayətinə Bakı Apellasiya məhkəməsində baxılacaq.
Belə ki, ittiham aktına əsasən, Rzayev Seymur Rahib oğlu qabaqcadan əlbir olduğu qardaşı Rzayev Samir Rahib oğlu və ötən ilin yanvar ayında vəfat etmiş atası Rzayev Rahib Məhəmmədəli oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayəti törədiblər.
Seymur Rzayev vətəndaşın etibarından sui-istifadə edərək dələdulzuq yolu ilə əmlak ələ keçirmək barədə atası Rahib Rzayev və qardaşı Samirlə razılıq əldə edib. Onlar zərərçəkmiş şəxslərdən birinə özlərini heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq Zabrat qəsəbəsi ərazisində icarəyə götürdükləri torpaq sahəsində inşa etdikləri fermanı şəxsi mülkləri kimi təqdim ediblər. Onlar zərərçəkmiş şəxsə guya Rusiya Federasiyasının Samara, Tolyatti və başqa şəhərlərdən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin mal-qaranı sataraq yüksək məbləğdə pul əldə edəcəklərini deyiblər. Bu məqsədlə 2013-cü ilin yanvar ayında zərərçəkmiş şəxsin 240.000 manat pulunu alaraq dələduzluq yolu ilə ələ keçiriblər.
Bundan sonra onlar eyni yolla digər zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq 2014-cü ilin avqust ayında ondan 700.000 ABŞ dolları alaraq dələduzluq yolu ilə ələ keçiriblər.
Zərərçəkmiş şəxslərin şikayəti əsasında saxlanılan ata və oğlanlarına qarşı Cinayət Məcəlləsinin 178.3.2 yəni dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı 7 nəfər zərərçəkmiş qismində tanınıb.
Təqsirəndirilən şəxslərin ümumilikdə zərəçəkmişlərə 3 milion manata yaxın ziyan vurduqları məlum olub.
Cinayət işini araşdıran məhkəmə sonda təqsirləndirilən şəxslərə qarşı hökm çıxarıb.
Hökmə əsasən Rzayev Seymur Rahib oğlu 9 il 6 ay, Rzayev Samir Rahb oğlu 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, digər təqsirləndirilən Rzayev Rahib Məhəmmədəli oğlu istintaq müddəti zamanı dünyasını dəyişib.