Şahin Cəfərli
Politoloq
Gürcü ictimai fikrində, siyasi, akademik dairələrində Azərbaycana ərazi iddiaları yeni hadisə deyil, hər zaman olub. Onlar Qax-Balakən-Zaqatala zonasını gürcü torpağı hesab edirlər. Biz də öz növbəmizdə Borçalını Azərbaycan (türk) torpağı sayırıq, hətta İrana (Güney Azərbaycan) və Rusiyaya (Dərbənd) da ictimaiyyət olaraq, iddiamız var. Əslində dünyanın çox yerində bu tip mübahisələrə, qarşılıqlı ərazi iddialarına rast gəlmək olur. Rəsmi dövlət səviyyəsində gündəmə gəlmədiyi müddətdə bu, münasibətlərdə problem yaratmamalıdır.
Keşikçidağ (David Qareci) monastır kompleksininin yerləşdiyi ərazi isə iki ölkənin müstəqillik qazanmasından bəri mübahisə obyektidir, sərhəd xəttinin üçdə bir hissəsinin delimitasiyası əsasən bu səbəblə başa çatdırılmayıb. Azərbaycan xalqı, dövləti ilə hər hansı problemi olmayan və Azərbaycan prezidenti ilə dostluq-qardaşlıq münasibətlərinə malik Saakaşvilinin vaxtında da bu məsələ var idi. Amma ötən dövrdə münasibətlər fasiləsiz inkişaf edib, hökumətlər bunu problemə çevirməyib. Doğru olan da budur.
Son vaxtlar Gürcüstanda bu məsələ əvvəlki dövrlərdən bir qədər sərt və incidici şəkildə gündəmə gətirilirsə, biz də cavab kimi ölkəmizdə Borçalı mövzusunu qeyri-rəsmi səviyyədə aktuallaşdıra bilərik və qarşı tərəf mesajı almış olar. Demək istədiyim odur ki, bu cür məsələlərdə soyuqqanlı olmaq lazımdır. Gürcü radikal millətçilərinin önəmli qisminin (məsələn, parlamentdəki Vətənpərvərlər Alyansının) hansı mərkəzə bağlı olduğu sirr deyil. Azərbaycan və Gürcüstanın bu bölgədə bir-birinə ehtiyacı var, qarşılıqlı asılılıq mövcuddur. Bəzən fikirlər səslənir ki, gürcülərin qazını kəsək və ya ən azı qazı kəsməklə hədələyək. Bu, indiki vəziyyətə adekvat olmamaqla birlikdə, həm də ağılsız ideyadır. Çünki Gürcüstan istənilən an Rusiyadan qaz ala bilər və itirən tərəf (həm iqtisadi, həm siyasi baxımdan) biz olarıq. Bəli, gürcülər Rusiyadan enerji asılılığına düşmək istəməz, amma çıxılmaz vəziyyətdə qalsalar, müvəqqəti çözüm kimi Moskvaya müraciət etməkdən qətiyyən çəkinməzlər. Digər tərəfdən, bu tip çağırışlar "oğru yadına daş salmaq”dan başqa bir şey deyil. Onsuz da Gürcüstanın gələcəkdə Anakliya dərin limanının tikintisi başa çatdıqdan sonra orada LNG terminalı inşa etmək niyyəti var. Azərbaycandan təzyiq görsələr, bu niyyəti layihələndirib, mümkün qədər tez gerçəkləşdirməyə çalışacaqlar, Qərb də lazımi maliyyəni ayıracaq. LNG terminalına malik Gürcüstanın Azərbaycan qazına ehtiyacı minimal səviyyələrə enəcək.
Digər tərəfdən, qeyd etdiyim kimi, asılılıq qarşılıqlıdır, hətta dərin düşünəndə və xəritəyə baxanda anlamaq çətin deyil ki, bizim onlardan asılılığımız daha çoxdur. Gürcüstan bizim üçün Türkiyəyə və Avropaya çıxış qapısıdır, nəfəslikdir. Tranzit məntəqə kimi bu ölkənin bizim üçün strateji əhəmiyyətini və Azərbaycanın həyata keçirdiyi enerji-nəqliyyat layihələrindəki rolunu qeyd etməyə ehtiyac yoxdur, bunu hər kəs bilir. Bu qapının bağlanması Azərbaycanın müstəqilliyini itirməsinə yaxın səviyyədə bir fəlakət olar, çünki geostrateji baxımdan blokada vəziyyətinə düşərik. Gürcüstan və onun vasitəsilə dünya okeanından, Türkiyədən, Qərbdən təcrid olunmuş bir Azərbaycanın tamamilə Rusiya və İranın qısqacında qalaraq onların oyun qaydalarına tabe olmaqdan başqa yolu qalmır. Məsələn, düşünün: Tatarıstanda niyə müstəqillik hərəkatı yoxdur və ya başlasa belə, belə bir hərəkatın hər hansı perspektivi ola bilməz? Əsas səbəb budur ki, Tatarıstan 4 tərəfdən Rusiyanın digər əraziləri ilə əhatələnib.
Gürcüstanın demokratik inkişafı və NATO-ya qoşulması bizim də maraqlarımıza uyğundur, o baxımdan ki, Qərb qapımız daim açıq və təhlükəsiz qalır, ölkənin bütün vətəndaşları, o cümlədən azərbaycanlılar qanun qarşısında bərabər olur, milli azlıqların bütün hüquqları təminat altına alınır. Azərbaycan dövləti Gürcüstanın soydaşlarımız yaşayan bölgələrinə ciddi yatırımlar etməli, orada iş yerləri yaratmalıdır. Məcbur deyil ki, həmin layihələr biznes əhəmiyyətli olsun. Qoy lap açılacaq müəssisələr, iş yerləri ziyanına işləsin. Əsas məqsəd gənc azərbaycanlı nəsilləri orada tutmaq, o torpaqlara bağlamaqdır. Bunun üçün Azərbaycan dövlətinin ildə tutaq ki, 300-500 milyon dollar itirməsi faciə deyil. Azərbaycan gələcəkdə Türkiyəni də bu məqsəd üçün həvəsləndirə bilər ki, onlar da təkcə Batumiyə yox, Gürcüstanın şərqinə də diqqət yetirsinlər.
Çox uzatmadan qeyd edim ki, heç kimin qarşısında əzilmək və əyilmək lazım deyil, amma öz əleyhimizə çevrilə biləcək təxribatlardan və konfliktlərdən də mümkün qədər yayınmalıyıq. Bu gün Azərbaycanın işğal günüdür. Düz 99 il əvvəl bolşevik Rusiyasının "III İnternasional” zirehli qatarında azərbaycanlı Qəzənfər Musabəyov Anastas Mikoyan və digər bolşevik qatilləri ilə birlikdə gənc Azərbaycan dövlətini məhv etmək üçün Bakıya irəliləyəndə Xaçmazda onların qarşısına çıxan Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zirehli qatarına knyaz Lordkipanidze komandanlıq edirdi. Samur körpüsündən Bakıya qədər 3 məntəqədə işğalçılara çox az qüvvə ilə müqavimət göstərməyə çalışan, qeyri-bərabər döyüşlərdə həlak olan, yaralanan və sonradan sovet hakimiyyəti illərində repressiya edilən bütün mərd insanları, o cümlədən kapitan Lordkipanidzeni sayğı ilə anıram...