ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu iddiası ilə 2016-cı ilin martında Miamidə həbs edilən biznesmen Rza Zərrabın məhkəmə prosesindən 3 il keçib.
Teleqraf.com xəbər verir ki, ABŞ prokurorluğu ilə əməkdaşlığa razılaşan Zərrab sonradan Nyu Yorkda populyar restoranların birində görünmüşdü.
Bu yaxınlarda isə Zərrabla bağlı yeni iddia ortaya atılıb. Türk mediası Zərrabın azadlığa buraxıldığı və xanımı Əbru Gündəşlə görüşdüyü iddia edib.
Rza Zərrabın Nyu Yorkda məhkəmə prosesini izləyən məşhur vəkil Cahid Ağbulud müvəkkilinin harada olması haqqında danışıb.
Vəkil bildirib ki, Zərrab Nyu York ətrafında məxfi həbsxanada saxlanılır və indiyə qədər heç vaxt azadlığa buraxılmayıb. Vəkil əlavə edib ki, Əbru Gündəş Nyu Yorka gəlib, Zərrabla yalnız həbsxanada görüşə bilib.
Hüquqşünas qeyd edib ki, məhkəmə ona Zərrabın hansı həbsxanada saxlanılmasına dair müraciətinə mənfi cavab verib və bunu Zərrabın təhlükəsizliyi ilə əlaqələndirib.