Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini əsirgəməyəcək.
MilliYol.Az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin aprelin 26-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
V.Putin qeyd edib: "Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar. Sizi görməyimə şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir”.
O vurğulayıb ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir: "Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam”.
Ticarətə gəldikdə, Rusiya Prezidenti bildirib ki, keçən il iki ölkə arasında əmtəə dövriyyəsi, demək olar, 14 faiz artıb və 2,5 milyard dollara çatıb: "Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq”.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. V.Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.