Dövlət Gömrük Komitəsində sonuncu sədr dəyişikliyindən sonra, yəni, Səfər Mehdiyevin DGK-ya rəhbər təyinatının ardından qurumda müəyyən dəyişikliklər həyata keçirildi.
Həmin dəyişikliklərin ən diqqətçəkəni isə gömrük əməliyyatlarında ölkəyə mal gətirən sahibkarlarla dövlət arasında vasitəçilik edən broker şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması oldu. Yazımızın qəhrəmanı, bir vaxtlar gömrüyün "monopoliya əfsanəsi” adlandırılan Əbülfəz Məlikovun günəşi də məhz həmin dalğada söndürüldü.
Sfera.az-a daxil olan son məlumatda isə Əbülfəz Məlikovun yenidən "dirildiyi” və gömrük əməliyyatlarında əvvəlki qədər olmasa da müəyyən rol alması haqda iddialar var. Daxil olan informasiyada bildirilir ki, son vaxtlara qədər şəxsi biznesini idarə etməklə baş qatan Əbülfəz Məlikov yenidən brokerlik fəaliyyətinə qayıdıb. Belə ki, bəzi mal və məhsulların, əsasən də, ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində Əbülfəz Məlikova müəyyən imkanlar tanınıb.
Xatırladaq ki, bir vaxtlar Azərbaycana gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin, tikinti materiallarının və təkərlərin monopoliyasını həyata keçirən "Broker" MMC, bəzi hallarda isə "Trans Broker" MMC kimi adlanan şirkət əvvəlki ölçüdə olmasa da yenə həmin işlərin bir qisminə nəzarəti əlinə keçirə bilib.
Əbülfəz Məlikovla bağlı mediada yer alan səs-küylü iddialardan biri də pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələrin ölkəyə gətirilməsindən milyonlar qazanmasıdır. Ümumiyyətlə isə daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına onun nəzarət etdiyi bildirilir. Eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsində də Əbülfəz Məlikovun böyük payçılardan olduğu iddiaları var.
Media üzərindən apardığımız araşdırmalar zamanı bir məqam da diqqətimizi cəlb etdi ki, Əbülfəz Məlikovun DGK-nin sədri Səfər Mehdiyevlə uzun illərə dayanan ortqlığı olubmuş. Belə ki, S.Mehdiyev DGK-da müavin olarkən tərəflər arasında ciddi işbirliyi varmış. Hazırda isə ölkədə aksizsiz siqaret biznesinin Əbülfəz Məlikova dövr edildiyi bildirilir. Qara bazarda aksiz markası olmayan siqaretlərin kütləvi şəkildə satılması fakt olsa da DGK-nin bu mövzudakı susqunluğu da gəzən söhbətlərin inandırıcılıq əmsalını yüksəltməkdədir.
Bildirək ki, 2006-cı ildən təsis edilən və tez bir zamanda monopolist şirkətə çevrilən "Trans Broker" MMC-nin qeyri-rəsmi sahibi Əbülfəz Məlikovla onun yaxın qohumu olan Anar adlı şəxsdir. Əvvəllər Əbülfəz Məlikovla "çiyin-çiyinə" çalışan bu şəxs hazırda beynəlxalq əlaqələr üzrə menecer statusunda Azərbaycanda qazanılan milyonlarla vəsaiti ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlaka yatırması haqda ölkə mətbuatında iddialar yer almaqdadır.
Bəs, kimdir bu Əbülfəz Məlikov?
Adı zaman-zaman mediada şübhəli və kriminal əməllərdə hallanan Ə.Məlikov öz bioqrafiyasını nə qədər gizli saxlasa da, həyatının xronoloji ardıcıllığı bəradə mediaya məlumatlar sızıb. Sfera.az yerli mediada müxtəlif zamanlarda dərc olunmuş yazlılara istinadla bildirir ki, Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb. Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb. Əhəd ağa isə bir neçə il öncə ləğv edilən "RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır. Əhəd ağa ilə "Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir. Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir.
"Onun "Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var. Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Əbülfəz Məlikov sonradan Azərbaycandakı iri məmurların siqaret biznesini yönəldib. Burada etimad qazana bildiyindən daha sonra onu siqaret fabrikinə direktor təyin ediblər. Bundan sonra isə Əbülfəz Məlikov 2006-cı ildə yaradılan «Trans Broker» MMC adlı quruma rəhbərlik etməyə başlayıb.