Suriya və Livanda yaşayan ermənilər PKK/PYD terror qrupuna qoşularaq Türkiyəyə qarşı təşkilatlanır.
MilliYol.Az "Yeni Şafak"a istinadən xəbər verir ki, təxminən 200 nəfərdən ibarət qrup 1915-ci ildə Suriya və Livana köçən ermənilərin nəvələridir. Terrorçu təşkilat qondarma erməni soyqırımının ildönümü ilə əlaqədar olaraq bu gündən etibarən fəaliyyətə başladığını elan edib. PKK-nın erməni qoluna Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orhan Bakırcıyan) adı verilib.
Təşkilata Masis Otanyaf başçılıq edir. O, Suriyada Kamışlı, Haseke, Serekaniye, Dırbesiye, Amude ərazilərinə yayılan erməniləri bir araya gətirdiyini bildirir. Terrorçulara hər gün hərbi və ideoloji təlim keçilir. İdeoloji təbliğat kimi 1982-ci ildə Türkiyədə 9 nəfərin ölümü, 72 nəfərin yaralanması ilə nəticələnən Esenboğa terrorunu reallaşdıran ASALA üzvü Levon Ekmeçiyan, həmçinin Türkiyədə sui-qəsdlə öldürülən erməni jurnalist Hrant Dinkin fotosundan istifadə edilir. Masis Otanyaf açıqlamasında ermənilərə qarşı törədilən əməllərdə Türkiyəni günahkar elan edərək bunun qarşılığının veriləcəyini bildirib.
PKK terror təşkilatının ermənilərə verdiyi dəstək Türkiyəyə qarşı silahlanmaqla kifayətlənmir. Terrorçu qrup Qarabağ müharibəsi dövründə Ermənistana "Ağrı qartalları" adlı 400 nəfərlik təcrübəli terrorçulardan ibarət dəstə göndərib. Ermənilərdən ibarət həmin dəstə gələcəkdə "İnternasional tabor” adlanacaq.