Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.
Bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.
Hadisə aprelin 11-i saat 01:25-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığında baş verib.
İrandan Azərbaycana narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” markalı avtomobillə gələn üç nəfər Azərbaycan vətəndaşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 330 qram olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.