“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın Nağdsız Hesablaşmalar Departamentinin direktoru Elşən Məmmədzadə ifadə verib.
Direktor qeyd edib ki, bəzi kreditlər tapşırıqla verilib:
“Rəhbərliyin tapşırığı vardı ki, Dünyamin Xəlilova məxsus şirkətlərə kreditlər verək. Biz sənədləri hazır edirdik. Kreditlər müqavilə əsasında köçürülürdü, burada qanunsuz işlər görülmürdü. Ancaq bəzi istisna hallarda kreditlərin verilməsində müəyyən pozuntular olurdu ki, mən bunun əleyhinə səs vermirdim. Çünki bu, rəhbərliyin tapşırığı idi. Bu barədə bizə əsasən Akif Əliyev göstəriş verirdi”.
Hakim elan edib ki, E.Məmmədzadə 1993-cü ildən, yəni 18 yaşından bankda müxtəlif vəzifələrdə çalışıb: "26 il bankda işləməsinə baxmayaraq, o, hələ də bankda Müşahidə Şurasının olmasını dəqiq bilmədiyini deyir".
Məhkəmədə şahid qismində Akif Əliyev də ifadə verib. O deyib ki, 1990-cı ildən 2017-ci ildə bankda müxtəlif vəzifələrdə, 2001-ci ildən 2011-ci ilə kimi Kredit Komitəsinin sədri, 2011-2015-ci illərdə bankın baş direktoru, daha sonra Problemli Kreditlər komitəsinin sədri vəzifəsində çalışıb, hazırda işsizdir. Bildiriib ki, kredit komitəsində çalışarkən ən yüksək limit 2 milyon 400 min manat olub: "Bu məbləğdən yuxarı pul verilməyib".
Sonra şahid sualları cavablandırıb. Şahid deyib ki, kreditlərin verilməsi ilə bağlı komitədə baxılan müraciətlərə İdarə Heyəti sədrinin sərəncamı ilə verilirdi: "Bank müxtəlif layihələri maliyyələşdirirdi. Layihələrin əksəriyyətinə Dünyamin müəllim nəzarət edirdi. O, şirkətlərinə kredit verilməsi üçün bizə müraciət edirdi. Cahangir müəllim də deyirdi ki, Dünyamin Xəlilovun belə bir layihəsi var, maliyyələşdirin. Biz də tapşırığı icra edirdik"
Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb. İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib