Kubra Məhərrəmova
Ən qəribəsi budur ki, cəmiyyətdə neqativ hal yaşanan kimi hamı bir ağızdan deyir ki, təhsil problemimiz var. Bu problem düzəlsə, hər şey öz yolunda olacaq.
Yaxşı, tutalım ki, lap elədir. Demək olar ki, hamının cibində bir smartfon var və hamının internetə çıxışı var. Nə gözəl, texniki inkişafdan geri qalmırıq, çox şükür. Yəni hər bir kəs internetə girib istədiyi elmi məqaləni, videonu izləyə bilər. Amma əslində, nə baş verir? O baş verir ki, qızlar “gözəllik videolarını”, oğlanlar da ən yaxşı halda avtomobil haqqında videolara baxırlar.
Bütün günü “Instagram”da veyillənən gənclik ona verilən dəyərdən də narazıdır. Mən hələ trenddə olan “yüksək estetik zövqə malik olan mahnıları” demirəm. Yəni bir insan beyni hansı dərəcədə “inkişaf” etməlidir ki, bu cür məhsul istehsal edə. Və onun özü kimilər bu mahnılara qulaq asa. Çəkilən vaynlar isə ayrıca dərd. Zövqə qarşı təcavüz olsa, bu olar, yəqin.
İndi yenə deyəcəklər ki, “Ay cammaat, təhsil sistemi xarabdır, işləmir, ona görə!”
Mən heç bilmirdim ki, məktəbdə, ya da ali məktəbdə belə şeylər keçirlər. Yəni “uşaqlar, bu mahnıya qulaq asın, digərinə yox!”
Məktəb və ali məktəb, sadəcə, müəyyən sistem üzrə təhsil proqramını tədris edir. Amma onu qavramaq, öyrənmək artıq fərdə görə dəyişir. Yəni 18 yaşına çatmış gənc ali məktəbə, dərsə bir dəftərlə gəlir, onu da arxa cibinə ikiqat qatlamış vəziyyətdə qoyur.
Həddi-büluğa çatmış adamın təfəkkürü buna imkan verir ki, vaxtını boşuna xərcləsin. Amma yenə də təhsil sistemi günahkardır. Bəlkə, təhsil ocaqlarında həbsxanalarda olan kimi nəzarətçi olsun. Kim dərsini oxumasa, 40 şallaq da cəza kəssinlər. Ya da kitab-dəftərini gətirməyən tələbəni küçədə hamının yanında biabır etsinlər. Absurddur, deyilmi?
Deməli, problem haradadır? Bəli, hər bir insanın içində. Hər bir ailənin içində. Elmə-savada həvəsi olmayan insanları valideynləri zorla oxutmağa məcbur edəndə, əlbəttə, eybəcər tablo yaranır. “Qonşunun oğlu həkimliyi oxuyur, sən də oxumalısan” şüarı hələ də gündəmdədir. Amma valideyn demir ki, bəlkə, bu gənc çox gözəl aşpaz olacaq, ya da dərzi. Məcburən oxumağa göndərilən tələbə dörd il var-gəl etdikdən sonra da deyir ki, diplomum var, mən vəzifə istəyirəm. Nə gözəl! Savad yox, bilik yox, amma iddia dağ boyda.
Dünyanın hər yerində artıq uzaqdan təhsil almaq üçün distant təhsildən istifadə edirlər. Yəni oxumağa, aydın olmağa həvəsin varsa, mütləq bir çarə tapacaqsan. Və ya dünyanın bir sıra universitetləri istedadlı, bacarıqlı gəncləri öz hesabına oxudur. Savadlı kadrın meydana çıxmasında hamı maraqlıdır. Amma ilk növbədə bunda həmin o kadrın özü maraqlı olmalıdır.
Yorğanı öz üstümüzə çəkməklə heç nə düzəlməyəcək. Bütün günü “WhatsApp”da filankəsin gəlini və qızı haqqında qeybət etdikcə, heç kim ağıllanmayacaq. Bütün günü türk seriallarına baxmaqla savadlı da olmayacaq heç kim. Deməli, əldə olan vasitələrdən daha doğru istifadə etmək lazımdır. Oxumaq, öyrənmək, maariflənmək.
Hər gün bir maraqlı fakt haqqında oxuyub özü üçün nəticə çıxarmaq. Hər gün bir keyfiyyətli mahnı dinləmək. Hər gün iki cümlə oxumaq. Vəssalam.
Oxu.az