Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanının bütün hava limanları arasında ən yaxşı aeroport olaraq ən nüfuzlu qiymətləndirmə olan "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.
MilliYol.Az bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Azərbaycan paytaxtının hava limanı artıq üçüncü ildir ki, bu nominasiyada liderliyini qoruyur.
Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il 5 milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında 3-cü yeri tutub. Siyahıya "LondonSiti" aeroportu (London City Airport, LCY) başçılıq edib.
Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub.
"Skytrax"ın keçirdiyi və 550-dən çox hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax" həmçinin 100-dən çox ölkədən 13 milyon sərnişin arasında sorğu keçirib.