Bu gün Tbilisidə hakim “Gürcü Arzusu” partiyasının mərkəzi qərargahında partiya rəhbəri İrakli Qaribaşvilinin iştirakı ilə mayda Marneulidə keçiriləcək mer seçkilərinə partiya öz namizədini təqdim edib.
Hakim “Gürcü Arzusu” partiyası Marneuli rayonunun meri vəzifəsinə Zaur Darğallının namizədliyini irəli sürüb.
“Zaur Darğallı etnik azərbaycanlıdır və Gürcüstanın layiqli oğullarından biridir” deyə partiyanın siyasi katibi İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Z.Darğallı hakim partiyanın komandasında fəal iştirak edir: “O, hazırda Kvemo Kartli qubernatorunun müavinidir. Zaur Darğallının Kvemo Kartli bölgəsində uğurlu fəaliyyətlə bağlı böyük iş təcrübəsi var. İnanırıq ki, onun Marneuli rayonunda da fəaliyyəti uğurlu olacaq”.
Qeyd edək ki, Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. O, 2014-2017 ci ilədək Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub. 2017-ci ildən isə Kvemo Kartli qubernatorunun müavini vəzifəsində çalışıb. ("Qafqazinfo")