II Dünya müharibəsinin gedişində Gürcüstanın Ahıska bölgəsində yaşayan on minlərlə ahıska və digər türkdilli xalqların nümayəndələri Stalin repressiyasının qurbanı olaraq, kütləvi və məcburi şəkildə öz doğma yerlərindən deportasiya edilmişdir. Belə ki, 31 iyul 1944-cü il tarixdə SSRİ Dövlət Müdafiə Komitəsinin müvafiq qərarı ilə Gürcüstandan Qazaxıstan, Özbəkistan və Qırğızıstan çöllərinə köçürülmüş on minlərlə türk ailələrinin bir qismi Stalinin vəfat etməsindən sonra öz yurdlarına qayıtmış, bir qismi isə Azərbaycanı özlərinə doğma, arxa bilib respublikamıza üz tutmuşdular. Ermənistanın torpaqlarımıza başlayan məlum təcavüzü zamanı onlar da silaha sarılaraq, Vətənimizin müdafiəsi uğrunda qəhrəmancasına vuruşmuş və şəhidlik zirvəsinə yüksəlmişlər.
Belə qəhrəmanlardan biri də Daxili Qoşunların şəhid hərbi qulluqçusu, sıravi Rəsul-zadə Qasımovdur.
Sıravi Rəsul-zadə Ağamir oğlu Qasımov 1973-cü il dekabr ayının 12-də Qazaxıstan Respublikasının Çimkənd vilayətinin Tülkübaş rayonunda dünyaya göz açmışdır. Ağamir kişinin və Hürüxanım ananın böyüdüb boya-başa çatdırdığı beş övladdan (Azad, Rəsul-zadə, Cahanşah, Həmid və Rüstəm) biri və eyni zamanda beş qardaşın ikincisi idi Rəsul-zadə. Orta təhsilinin ilk pilləsinə 1981-ci ildə Tülkübaş rayonundakı məktəblərdən birində başlamışdır. 1983-cü ildə qasımovlar ailəsi Qazaxıstandan Azərbaycana köçmüş və Xaçmaz rayonunun Pavlovka kəndini (indiki Müşkür kəndi – A.Ə.) özlərinə yeni yurd olaraq seçmişlər. Məhz bu səbəbdən də Rəsul-zadə 1991-ci ildə orta təhsilini burada bitirməyə müvəffəq olmuşdur.
1991-ci ilin dekabrın 18-də R.Qasımov Xaçmaz RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Qardaşı Həmidin bildirdiyinə görə, Rəsul-zadə əvvəllər xidmətini Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinin tərkibində edib. Bir neçə ay sonra - 1992-ci ilin əvvəllərində isə onların hissəsi Bakıdan Qarabağa – döyüş bölgəsinə göndərilib: “...Rəsul-zadə Daxili Qoşunlarda sürücü kimi işini davam etdirmişdir. O, cəsarətinə görə starşinaya qədər yüksəldi. 1993-cü ildə demək olar ki, bütün Qarabağı gəzmişdir. Çıldıranda, Ağdamda, Füzulidə olan döyüşlərdə iştirak etmişdir...
Komandirinin sözlərinə görə, Rəsul-zadə sürücü olduğu üçün ondan döyüşlərdə iştirak etməsi tələb olunmurdu. Amma onun ən yaxın dostları döyüşdə həlak olduqdan sonra, döyüşlərdə iştirak etmək arzusunda olduğunu bildirib. Hətta döyüşlərin birində Rəsul-zadə kontusiya almışdı. Amma hospitalda qalmayıb, yenidən ön cəbhəyə - döyüşçü yoldaşlarının yanına qayıdır...”.
19 mart 1993-cü il. Ağdərə rayonunun “Qlobus” yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlər Rəsul-zadənin son döyüşü oldu... Bu döyüşdə onlarla erməni yaraqlısını məhv edən cəsur silahdaşımız, sonda aldığı ağır yaradan gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlir...
Sıravi R.Qasımov 1993-cü ilin mart ayının 21-də - Novruz bayramı günü Müşkür kənd qəbristanlığında dəfn olunub. Cəsur döyüşçümüzün qardaşı Həmid, məhz bu baxımdan o gündən bəri Qasımovlar ailəsinin bu bayramı qeyd etmədiyini bildirdi...
Xeyli müddət keçməsinə baxmayaraq, Rəsul-zadənin döyüşçü dostları onun qəhrəmanlığını bu gün də unutmadıqlarını bildirirlər.
Onunla vaxtı ilə çiyin-çiyinə döyüşən və o dövrdə sürücü - sanitar təlimatçı əsgər kimi xidmət edən mayor Gülağa Meybiyev igid döyüşçü haqqında xatirələrini bizimlə bölüşərkən, bunları dedi:
“Bir yerdə sürücü olmuşuq. Çox sakit, gülərüz, zarafatı xoşlayan insan idi. 1992-ci ildə Ağdamın Qalayçılar kəndində tanış olmuşuq. Rəsul-zadəni çox yaxşı tanıyıram. Mərd, cəsur, qorxmaz oğlan kimi xatirimdə qalıb. Dostluqda və yoldaşlıqda möhkəm olmaqla yanaşı, sözündə və söhbətində dürüst bir insan idi. Sarışın olduğu üçün öz aramızda onu “Rıjı” deyə çağırardıq. Yoldaşları ilə münasibətlərinə gəlincə isə deyə bilərəm ki, hər kəslə mehriban davranan, deyib-gülən xasiyyəti vardı…”.
Rəsul-zadənin digər silahdaşı və ən yaxın dostlarından biri olmuş baş gizir Cabbar Abbasov onun qəhrəmanlığını heç zaman unutmayacağını bildirdi:
“...Xeyli müddət keçməsinə baxmayaraq, düşünürəm ki, Rəsulzadə ilə birgə yaşadığımız o ağrılı-acılı günlər heç zaman yaddaşımdan silinməyəcəkdir. Mən onunla ilk dəfə Ağdərədənin Ortakənddə yerləşən qərargahımızda tanış olmuşam. Sonralar onunla birgə Çıldıran, Mehmanə, Qaçaqot və digər yaşayış məntəqələri və yüksəkiliklər uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Rəsul-zadə mənim ən yaxın döyüşçü dostlarımdan biri idi. Xarakterindəki əsl döyüşçüyə xas olan qorxmazlıq və cəsurluq kimi müsbət keyfiyyətləri sayəsində silahdaşları arasında dərin hörmət və nüfuz qazanmışdı.
Mən 1993-cü ilin yanvarın əvvəllərində Çıldıran ətrafında gedən döyüşlər zamanı yaralandım. Rəsulzadənin şəhid olma xəbərini də məhz həmin ilin mart ayında qospitalda olarkən eşitdim...”.
Vaxtı ilə Ağdərə cəbhəsində gedən ağır döyüşlərdə “leytenant” hərbi rütbəsində tağım komandiri kimi erməni daşnaklarına qarşı mərdliklə vuruşmuş Rəsul Vəliyev (hazırda Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik - A.Ə.) Rəsul-zadənin qəhrəmanlığını və vətənpərvərliyini heç zaman unutmayacağını deyir: “...Rəsul-zadə mənim ən cəsur, ən mərd döyüşçülərimdən biri idi. Gözündə qətiyyən qorxu hissi yox idi. Sürücü döyüşçü kimi ən qaynar nöqtələrə gedib-gəlirdi. Ən ağır və məsuliyyətli tapşırıqların öhdəsindən layiqincə gəlirdi.
Təkcə sürücü kimi yox, həm də atıcı əsgər kimi də döyüş əməliyyatlarında iştirak edirdi. Sürücü olduğu üçün dəfələrlə onun döyüşlərdə iştirak etməsinə razılıq verməsək də o inadından dönməyərək, vuruşmaq arzusunda olduğunu bildirirdi. Ağdərədə, “Qlobus” yüksəkliyinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı Rəsul-zadə qəhrəmancasına şəhid oldu...”
Şəhid R.Qasımovun həyat və döyüş yolundan bəhs edən yazılara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/2218.html) rast gəlmək olar.
Bundan əlavə, R.Qasımovun adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 262-ci sıra nömrəsi ilə qeydə alınıb.
Məlum həqiqətdir ki, hazırda Azərbaycanın torpaqlarımızı işğaldan azad etməyə qadir olan çox güclü ordusu var. Silahlı Qüvvələrimizin, o cümlədən də Daxili Qoşunların sıralarında Rəsul-zadə kimi cəsur hərbi qulluqçularımız bu gün də mövcuddur. Onlar şəhidlərimizin intiqamını qaniçən erməni faşistlərindən almağa, torpaqlarımızı azad etməyə hər an hazırdırlar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Kapitan Anar Əhmədov,
Daxili Qoşunların zabiti
Fotolar
Digər xəbərlər
loading...