Türkiyəli telejurnalist və televiziya rəhbəri Acun İlıcalı sahibi olduğu TV8 kanalındakı hissələrini satmağa qərar verib.
Kult.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.
Televiziyasında “Yetənək sizsiniz”, “Survivor”, “O səs Türkiyə“ kimi reytinqli yarışmalar həyata keçirən A.İlıcalının işlərinin son dövrlərdə qaydasında getmədiyi bildirilib.
Belə ki, A.İlıcalı bundan əvvəl 70 milyon dollara aldığı şirkətin bir qismini Doğuş Holdinqə satıb. Satışdan sonra İlıcalı kanalda mədaxil-məxarici tənzimləməkdə çətinlik çəkib. Məlumata görə, o, əvvəlcə sahibi azərbaycanlı olan “Qlobal Media Qrup A.Ş” ilə danışıqlar aparsa da, razılığa gələ bilməyib.
İddialarla bağlı açıqlama verən A.İlıcalı təkliflərin olduğunu, lakin adı çəkilən şirkətlərdən gəlmədiyini bildirib.
Digər bir iddiaya görə isə İlıcalı hazırda TV8 televiziyasındakı hissələrini satmaq üçün Maxam Holdinqlə danışıqlar aparır.