Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Fransa Respublikasına səfərə gedib.
MilliYol.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
***
Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.
Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu deyib. Birinci vitse-prezident bildirib ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. “Azərbaycan – Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər”, - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Rotşild qardaşlarının xeyriyyəçiliklə də məşğul olduqlarını və Bakıda çoxlu gözəl binalar tikdirdiklərini deyən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlığın ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da davam etdirildiyini bildirib, Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında imzalanacaq strateji əməkdaşlıq haqqında sazişin əhəmiyyətini vurğulayıb. Mehriban Əliyeva David dö Rotşildi ölkəmizə səfərə dəvət edib.
“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu deyib. “Ailəmizin Sizin ölkənizdəki fəaliyyəti barədə bilirik və hesab edirəm ki, onlar tarixdə iz qoyan fəaliyyət göstəriblər”, - deyən David dö Rotşild Azərbaycana səfər dəvətini məmnunluqla qəbul edib.
***
Mehriban Əliyeva “Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Suez Groupe” şirkəti arasında ətraf mühit, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Birinci vitse-prezident Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb.
Görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Həmçinin görüşdə iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.