Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni quldurlarının əsir və girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.
"Report"un xəbərinə görə, onlardan biri də Ağdam rayonunun Muradbəyli kənd sakini, milliyyətcə rus olan, 1937-ci il təvəllüdlü Abbasova Nina Georgiyevnadır.
Ermənilər 1993-cü il iyulun 23-də - Ağdam rayonunun işğalı zamanı N.Abbasovanı həyat yoldaşı Abbasov Əli Rəsul oğlu ilə birlikdə girov götürüblər. Erməni quldurları Nina Abbasovanı bir il girov saxlayıblar və 1994-cü ilin iyulun 25-də azad olunub.
N.Abbasova girovluqdan azad olunandan sonra bir müddət Sumqayıtda məskunlaşıb, lakin bu şəhərdə yaşaya bilməyib və yenidən Qarabağ torpağına qayıdıb. Hazırda N.Abbasovanın 82 yaşı var və Ağdam rayonunun Əfətli kəndində yaşayır.
N.Abbasova deyir ki, həyat yoldaşı ilə 1955-ci ildə Rusiyanin Kemirov şəhərində tanış olub: "Əli cavan, boylu-buxunlu, yaraşıqlı oğlan idi və Kemirovda işləyirdi. Biz 1957-ci ildə ailə həyatı qurduq. Lakin Əli üç bacının bir qardaşı olduğundan Azərbaycana qayıtmalı olduq və Muradbəylidə yaşadıq. Rus olmağıma baxmayaraq, mənə çox yaxşı münasibət var idi. Qayınanam, baldızlarım mənə tamamilə doğma münasibət bəsləyirdilər. Bizim 4 övladımız oldu. Təbii ki, Qarabağ müharibəsi başlayanadək hər şey yolunda gedirdi. Ancaq münaqişə hər şeyi dəyişdirdi. Yoldaşım məni və uşaqları Quzanlıya göndərib özü isə Muradbəylidə qalmaq istəyirdi. Ancaq mən ona "ölsək, bir yerdə öləcəyik, qalsaq da, bir yerdə qalacağıq" dedim. İyunun 23-də ermənilər kəndə girdilər və bizi də əsir götürdülər".
O, 26 ildən sonra ilk dəfə başına gələnləri ağlayaraq danışır: "Bizi əsir düşərgəsinə bir yerdə apardılar. İnsanlar halsız, ac-susuz qışqırırdılar. Azyaşlı qızları, gəlinləri, hətta yaşlı qadınları gözümüzün önündə zorlayırdılar. Kişilərə qarşı təhqiredici hərəkətlər edirdilər. Mən 14 ay əsirlikdə qaldım, ancaq sonradan erməni əsirlərlə dəyişdilər. Əlini isə Şuşaya, oradan da Xankəndinə aparmışdılar. İki ildən sona həyat yoldaşım da əsirlikdən azad olundu. Onu erməni girovluğunda mütəmadi olaraq döymüş, bədənini siqaret kötükləri ilə yandırmışdılar. Nəticədə aldığı mənəvi və fiziki işgəncələr səbəbindən əsirlikdən azad ediləndən bir müddət sonra dünyasını dəyişdi".