ANS-siz müstəqillik günü
Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd etdi. Amma ilk dəfə Azərbaycan müstəqilliyini ANS-siz keçirdi.
Artıq 3 aydır ki, bağlanan kanalı yada salmağım isə təsadüf deyil. Çünki hər il müstəqillik günü ANS, Azərbaycanın qazandığı müstəqilliyi illər boyu çəkdiyi kadrlarla tamaşaçıya çatdırar və yeniliklərə imza atardı. Ümumiyyətlə ANS həm də ictimai aktivliyi, yenilikləri ilə fərqlənirdi. Məsələn, ilk dəfə bayram günlərində ekranın yuxarı hissəsində Heydər Əliyevin şəklinin yerləşdirilməsi ideyası da ANS-ə məxsus oldu və bundan sonra digər kanallarda bu addımı atdılar. Bunu da unutmayaq ki, Heydər Əliyevə ANS-in fərqli yanaşması olmuşdu və O haqq dünyasına qovuşanda da ANS son borcunu yerinə yetirdi. Belə ki, kanalın prezidenti Vahid Mustafayevin təşəbbüsü ilə milyonlarla insan gecə Prezident sarayına axışdı və binanın qarşısına əklillər qoyuldu, şamlar yandırıldı. Bu Heydər Əliyevə ANS-in sadiqliyini nümayiş etdirən məqam idi. Bununla yanaşı ilk dəfə yenə məhz Vahid Mustafayevin təşəbbüsü ilə alpinistlər qrupu Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş etmişdilər.
ANS-in hər zaman təqdim elədiyi Heydər Əliyev tam səmimiyyəti ilə görünürdü və bağlandığı günə qədər kanalda yayımlanan “Qızıl Fond”da Heydər Əliyev zəkası, müdrikliyi, keçdiyi çətin yol açıqlığı ilə tamaşaçılara təqdim olunurdu. Məsələn, Ayaz Mütəllibovun tam gücü ilə Heydər Əliyevə qarşı təşkil etdirdiyi oyunbazlıq zamanı, parlanmentin foyesində Seyfulla Mustafayevə verdiyi müsahibəni bir tamaşaçı olaraq mən də ilk dəfə gördüm. Təzyiqlərə baxmayaraq Heydər Əliyev prinsipial mövqeyini davam etdirir və verdiyi müsahibədə Komunist partiyasının buraxılmasını tələb edirdi.
Başqa maraqlı tarixi keçmiş həm də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu zamana təsadüf edirdi. Vahid Mustafayev Naxçıvana gedərək AXC hakimiyyətinin Heydər Əliyevə qarşı addımlar atdığı zamanı lentə ala bilmişdi. Kadrlardan da göründüyü kimi Heydər Əliyev bir tərəfdən ona qarşı hazırlanan hücumları dəf edir, digər tərəfdən isə Ermənistan rəhbərliyi ilə danışıqlar apararaq atəşkəsə nail olmağa, blokada da olan Naxçıvanı xilas etməyə çalışırdı. Bunu da qeyd edək ki, məhz həmən illərdə dəfələrlə Vahid Mustafayev başda olmaqla ANS-çilər Naxçıvana gedərək Heydər Əliyevdən götürdükləri müsahibələri Rusiya və digər xarici ölkə kanallarında yayımlamağa nail olmuşdular.
Görünür buna görə də Heydər Əliyev Bakıya qayıdanda ilk müsahibəsini ANS-ə verdi. Prezident olduğu müddətdə isə hər zaman ANS-ə xüsusi diqqət ayırdı və ANS-in formalaşmasına təsirini göstərdi. Bəlkə də bu səbəbdən çoxları hesab edir ki, Heydər Əliyevin Azərbaycana qazandırdığı dəyərlərdən biri də ANS oldu. O, ANS-ə inandı və ANS hər zaman Onun inamını doğrultdu. Hətta ABŞ-da müalicə alan zaman da Heydər Əliyev müsahibəni AzTV-yə yox, ANS-ə, Mir Şahinə verdi.
Bütün bunlar bir tarixdir və bu tarix həm ANS-in, həm də ANS-in yazdığı, çəkdiyi tarixdir. Yəqin ki, gələn il müstəqillik gününü qeyd edən də o keçmiş günləri, acılı-şirinli xatirələri yenə də ANS-in efirində görə biləcəyik.
Həsən Məmmədov
Digər xəbərlər
loading...