Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçirilib.
MilliYol.Az xəbər verir ki, mitinqdə Avropada yaşayan çox sayda azərbaycanlı iştirak edir.
Mitinq Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası və Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra mitinq iştirakçıları Xocalı soyqırımında qətlə yetirilmiş 613 şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mitinqdə çıxış üçün söz Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçiyə verilib: “Dünya təşkilatlarına müraciət edirik. Niyə qulaqlarınızı bizə qapayırsınız? Xocalıda 613 nəfər vəhşicəsinə qətlə yetirilib, Dağlıq Qarabağ və ətrafındakı rayonlardan bir milyondan çox insan öz yurd-yuvalarından didərgin düşüb. Bu vəhşəti niyə görmürsünüz? Bizə yaxşı qulaq asın! Kiminsə torpağında gözümüz yoxdur. Öz haqqımızı tələb edirik. Ümid edirik ki, Avropa İnsan Haqları Təşkilatı, Avropa Komissiyası və Avropa Birliyi bu problemin həllində bizə yardımçı olacaq və birlikdə bunu həll edəcəyik".
Daha sonra Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri Məryəm Mehdiyeva, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Azərbaycanın görkəmli memarı Ömər Qoçulu, “Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Bilriyinin sədri Maisə Ağamirzəyeva, Alman-Azərbaycan Mədəniyyət Evinin nümayəndəsi Altay Rüstəmli, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və digərləri çıxış edib.
Mitinqin sonunda qətnamə oxunub. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti pislənilib. Qeyd olunub ki, bu ölkə hələ də BMT və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrini yerinə yetirməyib.