Milli Məclisin deputatı Cavanşir Feyziyev ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzasından danışıb.
MilliYol.Az xəbər verir ki, C.Feyziyev Demokrat.az-a açıqlamasında sözügedən "Porsche Cayenne GTS” markalı avtomobilin ona məxsus olduğunu təsdiqləyib.
Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib:
"Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm.Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kim yalandan deyir, guya, qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək".
Cavanşir Feyziyev qəzaya düşən "Porsche Cayenne GTS” markalı avtomobilinin elə də bahalı olmadığını söyləyib:
"Məgər Bakıda cəmi bir-iki "Porsche” var? Bakıda minlərlə "Porsche” var. Digər tərəfdən isə "Porsche" nə vaxtdan bahalı maşın olub? "Porsche" orta qiymətə olan maşındır. Məgər deputatın "Porsche"si ola bilməz? Burada qeyri-adi nə var?"
Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.
İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.
Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.
“Qadını vuran “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub” – deyə yayılmış məlumatlarda bildirilir.